Aparıcılıq edən müğənniləri aparıcılar «topa tutdu»

20 Avqust 2013 12:23 (UTC+04:00)

Cavid Gül: "Necə aparıcılar müğənnilik edəndə millət qəbul etmir, eləcə də hər hansı müğənni aparıcılığa başlayanda qəbul olunmur"

Murad Arif: "Azərbaycanda müğənninin veriliş aparmağı "daha nə edim görəsən?!" məntiqinə söykənir"

Zaur Nəbioğlu: "Müğənnilər müğənnilikdə qazandıqları uğuru, aparıcılıqda heç vaxt qazana bilməzlər"

İdris Cəfərov: "Əksər müğənnilərimiz çox aşağı intellekt sahibləridir və çılpaq fotosessiyalarla, yalnız qalmaqallarla tanınırlar"

Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan telekanallarında aparıcılıq edən müğənnilərin verlişlərinin əksəriyyəti elə də böyük reytinqə malik deyil. Lakin bu sahədə əcnəbi təcrübəyə, məsələn, Türkiyəyə nəzər saldıqda tamam fərqli mənzərənin şahidi oluruq. Belə fərqin yaranma səbəblərinə münasibət bildirən aparici Ülvira Qarayeva Mövqe.az-a açıqlamasında qeyd edir: "Hər kəs aparıcılıq edə bilməz. Aparıcılıq çox çətin sənətdir. Ola bilər, müğənni çox yaxşı, populyar olsun, amma onda aparıcılıq alınmasın. Mənim yaxın dostum var idi. Müğənni kimi bir nömrə idi. Amma verliş apardı, şəxsən onda alınmadı. Verlişi uğurlu olmadı, reytinq qazanmadı. Belə şeylər olur. Mən müğənnilərin aparıcılıq etməsinə qarşı deyiləm. Sadəcə deyirəm, kimin bu sənətdə bacarıqlıdırsa, onun verlişi ola bilər və uğur da qazanar".

Aparıcı Cavid Gül isə məsələyə belə münasibət bildirir:" Əslində, yaxşı sualdır. Bilirsinizmi, hərənin öz sənəti var və hər kəs də öz işində seçilməyə, sevilməyə çalışmalıdır. Əgər hər hansı müğənni aparıcılığı bacarırsa, onu yalnız alqışlamaq lazımdır. Konkret olaraq onu deyim ki, necə aparıcılar müğənnilik edəndə millət qəbul etmir, eləcə də hər hansı müğənni aparıcılığa başlayanda qəbul olunmur. Hər bir əsl aparıcının söz ehtiyatı, kameraya "oynaması", efirdə səmimiliyi, mövzulara yanaşma tərzi başqa-başqadır. Aparıcı da bu başqadır, aktyorda bu başqa, müğənnidə başqa… Sadəcə aparıcılıq və müğənnilik fərqli-fərqli sənətlərdir".

Aparıcı Murad Arif də saytımıza açıqlamasında məsələ ilə bağlı fikirlərini açıqladı: "Müğənnilərimizin aparıcılıq etməsinə müsbət baxmıram. Ulduz səhnədə mikrofonla parlayar. Oxuması, performansı ilə aktuallığını qoruyub, saxlayar. Əgər o həqiqətən də ulduzdursa… Çox nadir hallarda müğəninin proqramına oturub baxa bilərəm. Məsələn, türk ulduzu Candan Ercetin öz proqramında musiqiçi kimi görünürdü. Verliş zamanı musiqidən, səsdən, ifadan, repertuardan danışırdı. Savadlı da danışırdı. Mükəmməl təhlillər aparırdı. Bir sənətkarın efirdə sənət dilində danışması həqiqətən də maraqlı idi. Amma bizdə bir çoxu aparıcılıq edir ki, gündəmdə qalsınlar. Bu, acı və təəssüf doğuran görüntüdür. Deməyə sözü olmayan müğənni yalnız mahnı oxusa, kifayət edər. İnanın ki, bu qısqanclıq deyil. Bizim müğənnilərin müğənnilik fəaliyyəti çox passivdir. Bu səbəbdən də, məncə onlar daha çox mahnılarına, konsertlərinə, zövqlərinə fikir versələr, yaxşı olar. Bu zaman, onların verliş aparmağa nə vaxtları çatar, nə də ki, ehtiyacları olar. Azərbaycanda müğənninin veriliş aparmağı "daha nə edim görəsən?!" məntiqinə söykənir. Məndən soruşan olsaydı, deyərdin ki, "heç nə" etmə. Yalnız mahnı yaz, mahnı oxu, klip çək, konsert ver. Çünki, yeni mahnılara ehtiyac hər zaman var. Düşünürəm ki, müğənni üçün verliş aparmaq lazımsız vaxt itkisidir".

Aparıcı Zaur Nəbioğlu isə bunları qeyd edir: " Hərə öz peşəsində maraqlıdır. Bu gün mən də çıxım mahnı oxuyum. Tamaşaçıya Zaurun oxuduğu mahnı maraqlı olmayacaq. Məsələn, heç kim müğənni Rəhim Rəhimlini aparıcı kimi təqdim etmir, sevmir. Amma halbuki Rəhim neçə illərdir verliş aparır. Çünki o, müğənniliklə başlayıb və onunla tanınıb. Bundan başqa Röya verliş aparanda hamı deyirdi ki, partlayacaq. Amma heç bir partlayış və ya maraq olmadı. Və ya Faiq Ağayev verliş apardı, heç bir fərqlilik olmadı, verliş də sevilmədi. Məncə bunu Faiq Ağayev özü də təsdiq edə bilər. Halbuki F. Ağayev kimi savadlı, intellektli insanlar indi çox azdır. Ona görə də söhbət intellektdən, savaddan getmir. Ona qalsa, o qədər savadsız aparıcılar var ki... Müğənnilər müğənnilikdə qazandıqları uğuru, aparıcılıqda heç vaxt qazana bilməzlər. Özlərini olmadıqları kimi göstərirlər. Ona görə də onlarda verliş alınmır. Əcnəbi müğənnilər verliş aparanda bəlkə də onlarda bu verlişlər tanınır, sevilir. Amma bizdə qəbul olunmur. Çünki baxışlar fərqlidir. Onlarda hər hansı mövzuya baxış başqa tərzdə olur, biz də isə başqa...".

Aparıcı Zaur onu da qeyd etdi ki, yaxşı müğənni olmaq o demək deyil ki, yaxşı aparıcı ola bilərsən: "Həmkarınız jurnalist Babədi Cavanşir yaxşı şou yazar idi. Ancaq o oxumağa başlayandan sonra jurnalistikadan silindi. Profilini dəyişmək heç də həmişə uğur qazandırmır. Mən özüm əvvəl Bülbül adına orta ixtisas məktəbini, sonra isə ADİMU-ni ixtisasca xanəndəliyini bitirmişəm. Ancaq bu gün mən aparıcılıqdan xanəndəliyə keçsəm, mahnı oxusam, mən caamatın gözündən düşərəm".

Aparıcı İdris Cəfərov isə bildirir: "Aparıcı tamaşaçının inandığı, etibar etdiyi, maraqla izlədiyi bir şəxsdir. Onun eyni zamanda dünyagörüşü və yüksək intellekti olmalıdır. Təəssüf ki, bizim müğənnilərdə bu yoxdur. Əksər müğənnilərimiz çox aşağı intellekt sahibləridir və çılpaq fotosessiyalarla, yalnız qalmaqallarla tanınırlar. Məncə, belə aşağı tip insanların aparıcılığı, danışdığı sözlər və ya verə biləcəyi suallar heç kimə maraqlı olmur. Bu səbəbdən də təbii ki, onların apardıqları verlişlərin əksəriyyəti uğursuz olur".