Azərbaycanın atəşkəsi pozması ilə bağlı heçbir sübut yoxdur
30 Oktyabr 2020 14:54 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə, rəşadətli Azərbaycan ordusunun təcavüzkar erməni qüvvələrinin tapdağından azad etməkdə olduğu ərazilərin sayı artmaqdadır və bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurverici bir haldır. 2020-ci il sentyabrın 27-ində danışıqlar prosesini pozmaq məqsədi ilə hücuma keçən erməni qüvvələrinə layiqli cavab verilmiş, bu da, bir çox torpaqlarımızın geri alınması ilə nəticələnmişdir, hansı ki bu, bütün işğal altında olan torpaqlarımız azadlığa qovuşana qədər davam edəcəkdir. Cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı Amerika Birləşmiş Ştatlarının "Fox News" kanalına müsahibə verib. Bu müsahibədə o, hücuma keçən və mülki şəxsləri hədəf alan tərəfin Ermənistan olduğunu qeyd edib. Həmçinin Cənab Prezident, Azərbaycan dövlətinin atəşkəsi pozmadığını, ermənilərin gecə vaxtı yatan şəhərə raket atdığını deyib, Azərbaycanın atəşkəsi pozması ilə bağlı heç bir sübut olmadığını da qeyd edib.
Azərbaycan dövlətinin iqtisadi cəhətdən çətinliklər yaşadığı və bunun üçün müharibəyə üz tutması ilə bağlı sözlərə isə belə bir cavab verib ki, Azərbaycan iqtisadi cəhətdən olduqca normal bir vəziyyətdədir. Azərbaycanda işsizlik və kasıblıq səviyyəsi olduqca aşağıdır. İqtisadi cəhətdən böhran yaşayan tərəf Ermənistandır. "Amerikada ermənilərə xoş münasibət və dəstək var"-fikrinə qarşılıq olaraq, Cənab prezident söyləyib ki, diplomatik məsələlər emosiyalar ilə idarə olunmur və bu məsələdə də belə olmalıdır. Xoş münasibəti onlar birlikdə nahar edərək, bir-birlərinə göstərə bilərlər.
Son olaraq o, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki tərəfin
hüquqlarını tanıyan sülhün ola biləcəyini söyləyib.
Bizlər ən qısa zamanda bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır, güclü ordumuza və Ali baş Komandanımıza güvənirik. Bir Azərbaycan vətəndaşı olaraq biz gənclər üçün torpaqlarımızın azad edilməsi uğrunda mənfur düşmənlərimiz ilə döyüşmək, mübarizə aparmaq bir şərəfdir. Ordumuza, Ali Baş Komandanımıza hər zaman dəstəyik. Qarabağ bizimdir və bu gerçəyi heç bir qüvvə dəyişdirə bilməz!
Nəsimi Rayon gənci
Əlixanlı Fatimə