İctimai yerlərdə siqaret qadağası müşkülə çevrilib

20 Avqust 2013 17:54 (UTC+04:00)

Vüqar Bayramov: "Bu məsələ Azərbacanda bir neçə dəfə müzakirə olunsa da, hələ də müvafiq qanun qəbul olunmayıb"


Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, siqaret  çəkən insanların yarısı xərçəng xəstəliyindən vəfat edir. Bu səbəbdən qurum siqaretə qarşı mübarizənin kəskinləşdirilməsini vacib sayır. Digər tərəfdən ona da diqqət yetrilir ki,  siqaret çəkənlər həm də ətraflarında olanlarını passiv siqaret istifadəçisinə çevrirlər. Bu səbəbdən əksər ölkələrdə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa tətbiq edili. Azərbaycanda da bu məsələ xeyli müddətdir gündəmdə olsa da hələlik müvafiq qadağadan və onun qanun səviyyəsinə yüksəlməsindən xəbər-ətər yoxdur. 

Aparılan araşdırmalar həm də onu göstərir ki, siqaretin insan orqanizminə ziyanına baxmayaraq, dünya miqyasında həmin məhsulun istehsalı artır. Bu isə siqaret çəkən insanların artdığının göstəricisidir. Hazırda dünya əhalisinin 60%-i bu pis vərdişə aludədir.Azərbaycanda da siqaret çəkənlərin sayı artan templə gedir. Hətta son illər gənclər və qızlar arasında bu hala yoluxanlara daha tez-tez rast gəlinir. Bu vərdişə qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilir. Məsələn, dünyanın sivil ölkələrinin əksəriyyətində ictimai yerlərdə siqaret çəkmək qadağan olunub. Qeyd olunduğu kimi Azərbaycanda da artıq bu istiqamətdə müvafiq qanun layihəsi hazırlansa da onun qəbulu nədənsə, müşkülə çevrilib. 

Millət vəkili Əli Məsimli Mövqe.az-a açıqlamasınad məsələ ilə bağlı qeyd edir: "Mən özüm də bu məsələni  tez-tez istər  KİV vasitəsilə, istərsə də Milli Məclisdə qaldırıram. Əlbəttə ki, ictimai yerlərdə siqaret çəkilməməsi üçün müvafiq prosedur sürətləndirilməlidir. Milli Məclisdə maraqlıdırlar ki, belə bir qanun qəbul edilsin. İctimai yerlərdə siqaret çəkilməsi qadağan olunmalıdır. Əslində,  mən də sizə qoşulub bu məsələni qaldıranlardan biriyəm. Ümumiyyətlə siqaret çəkilməsi sovet dövründə necə qadağan olunmuşdusa, bu gün də təkrar elə  olunmalıdır".


İqtisadçı ekspert Vüqar Bayramov isə bildirir: "Bir çox ölkələrdə ictimai yerlərdə siqaret çəkilməsi qadağan olunub. Kifayət qədər liberal iqtisadiyyata malik ölkələrdə ictimai yerlərdə siqaretin çəkilməsi qadağandır. Bir çox ölkələrdə bu praktiki təcrübədən istifadə olunur, amma təəssüf ki, Azərbaycanda buna riayət olunmur. Belə hallar bir çox insanların hüququnun pozulması deməkdir. Bir çox ölkələrdə bu qaydaya əməl edən insanlar digər insanların hüquqlarının toxunulmaz saxlayır. Bu məsələ Azərbacanda bir neçə dəfə müzakirə olunsa da, hələ də müvafiq qanun qəbul olunmayıb. Güman edilir ki, ictimai yerlərdə siqarətin çəkilməməsi siqaret istehlakının azalmasına səbəb olacaq. Qadağanı nəzərdə tutan qanunun qəbul edilməsi birmənalı şəkildə məqsədəuyğundur. Siqaret sağlamlıqla yanaşı, həm də ekologiyaya ziyan vurur".

Ekspert məsələnin daha tez qəbul olunması üçün sərtləşməsi gərəkən məqamlardan da danışdı: "Prosesin qəbul olunmamasının digər səbəbi ondan ibarətdir ki, həmin qanunun qəbulunda müəyyən problemlərin yaranacağı ehtimalı var. Çünki ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması heç də asan məsələ deyil. İlk olaraq qanunvericilik bazasını formalaşdırmaq lazımdır. Baza formalaşandan sonra onun icrası üçün münbit şərait yarana bilər".