Oqtay Şirəliyev: "Bütün şəkərli xəstələrə qlükometrlər paylanılıb"
22 Avqust 2013 15:53 (UTC+04:00)
"Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi
hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir. Movqe.az-ın xəbərinə
görə, bunu Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə
Oqtay Şirəliyev deyib.
Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq
səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunub və
hazırda da onların həyata keçirilməsi davam etdirilir: "Ümumilikdə
proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait
sərf olunub. Proqramların əhatə etdiyi sahələr üzrə həyata
keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji,
endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s.
xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, bu
xəstəliklər üzrə müayinələrin həcmi artırılıb, xəstələrin dərmanla
təchizatı yaxşılaşıb. Nəticədə bu xidmət növlərinin keyfiyyətini
xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya
nail olunub."
Şəkərli diabet proqramı çərçivəsində respublikada
ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri -
qlükometrlər və test sistemlərinin pulsuz paylandığını deyən
O.Şirəliyevin sözlərinə görə, xəstələrin dərman təchizatı ilə bağlı
uzun illər davam edən problem də aradan
qaldırılıb:
"Şəkərli diabet proqramı çərçivəsində respublikada
ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri -
qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların
dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan
qaldırılmışdır. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin
aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin
sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artmış və 180 minə
çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən
ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib."