İrana müalicə üçün gedənlərin sayı azalacaqmı?

23 Avqust 2013 19:10 (UTC+04:00)

İranda səhiyyə qiymətləri 3 dəfə bahalaşıb. Bunun Azərbaycandan İrana müalicə üçün müraciət edənlərin sayında artımın olması ilə əlaqələndirirlər. Məlumatlara görə, bu qiymət artımı Azərbaycandan İrana müayinə və müalicə üçün gedənlərin sayına təsir.  İqtisadçı ekspert Vüqar Bayramov Movqe.az-a açıqlamasında İranda səhiyə xidmətlərinin bahalaşmasında Azərbaycandan bu ölkəyə müalicə üçün axının səbəb olmadığını söyləyib. İqtisadçı bildirib ki, İranda səhiyyə xidmətlərinin bahalaşması bu ölkədə başqa xidmət sahələrindəki bahalaşma ilə əlaqədardır: "İranda bir sıra xidmət sahələrində bahalaşma müşahidə olunur. Bu təbii ki, səhiyyə xidmətlərində də bahalaşmaya gətirib çıxardıb. Qeyd edim ki, artıq İranda təhsil qiymətləri, ərzaq məhsullarının qiymətləri bahalaşıb. İndi İranda illik infilyasiya 28 faizdir Bu rəqəm də bahalaşmaya təsir göstərir". Ekspert deyir ki, İranda qiymət artımı İrana Azərbaycandan müalicə üçün gedənlərin sayına təsir etməyək. Onun sözlərinə görə, İran Azərbaycan vətəndaşları üçün regionda ən ucuz və nisbətən keyfiyyətli səhiyyə xidmətinin olduğu ölkədir: "Bu gün İranda səhiyyə xidmətlərinin qiyməti Azərbaycandan ucuzdur. Bu qiymət fərqi yenə də azərbaycanlıları İrana üz tutmağa cəlb edəcək. Hesab edirəm ki, İranda səhiyyə xidmətlərinin bahalaşması Azərbaycandan bu ölkəyə müayinə və müalicə üçün gedənlərin sayını azaltmayacaq". Xatırladaq ki, Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi  bildirib ki, Ərdəbildə xəstəxanaların qiymətinin qalxması Azərbaycandan İrana xəstələrin çox getməsi ilə bağlı deyil. Onun sözlərinə görə, qiymət artımı sırf iqtisadi məsələlərlə bağlıdır: "İran dərman preparatlarının hazırlanması üçün xammalı Avropadan alır. Hazırda bu məhsullar İrana əvvəlki illərdən daha baha idxal edildiyindən, ölkədə səhiyyə qiymətləri 3 dəfə bahalaşıb. Bunun İrana müalicəyə gələn Azərbaycan vətəndaşları ilə əlaqələndirmək düzgün deyil. Ölkə qanunlarına görə, İran öz vətəndaşları üçün səhiyyə müəssisələrindən istifadəyə görə subsidiyalar verir. Xarici vətəndaşlar üçün isə müalicəyə görə ayrı qiymət müəyyənləşir. Təklif edərdim ki, iki ölkənin ticarət palataları Bakıda xəstələri qəbul edib, onları sığortaladıqdan sonra İranın müxtəlif yerlərinə müalicəyə göndərək. Belə olan halda Azərbaycan vətəndaşları İrana müalicəyə getdikləri təqdirdə, heç bir əlavə xərcləri çıxmayacaq və bizim vətəndaşlarla eyni hüquqlu müalicə almaq imkanları olacaq".
Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Məhəmməd Talıblı da Movqe.az-a açıqlamasında bildirib ki,İran üçün Azərbaycan bazarını itirmək yaxşı gələcək vəd etmir: "Tibbi məqsədlə İrana gedən vətəndaşlarımız təkcə bahalı ödənişlə İran səhiyyəsi sisteminə fayda vermir, ölkə iqtisadiyyatına- istehlak mallarının alınmasına, mehmanxana və avtomobil nəqliyyatı kimi xidmətlərdən istifadə, müxtəlif vergi ödənişləri(torpaq basdı, yol vergisi, sığorta, tarnzit vergisi) fayda verir. Bu xırda məsələlər deyil. Eyni zamanda onu da nəzərə alaq ki, İrana Avropa Birliyi və Qərb ölkələrindən müalicəyə demək olar ki, heç kim getmir. Hərçəndi ki, İranın səhiyyə və mühəndislik sənayesi dünyada rəqabətədavamlı sahələr hesab olunur. İranda müayinə və müalicə qiymətlərinin artırılması sonda Azərbaycan vətəndaşlarımızın Türkiyə və Rusiya kimi ölkələrə getməsi ilə nəticələnə bilər. "İstehlakçı kraldır" deyimi bütün sahələrdə keçərlidir. Ona görə, mən düşünürəm ki, İranın rəsmi dairələri müştəri məmnunluğunu və əlverişli qiymət səviyyəsini saxlamaqla belə bir bazarı itirmək istəməz. Çünki,İran bazarı açıq qapı siyasətindən imtina edən bazar olduğu üçün sonda belə addımlar məcmu tələbin azalması ilə üz-üzə qala bilər".