6 yaşı tamam olmayan uşaqların 1-ci sinfə qəbulu üçün verilən vaxt uzadılıb
28 Avqust 2013 11:15 (UTC+04:00)
Uşaqların 1-ci sinfə vaxtından əvvəl qəbul edilməsi üçün verilən
vaxt uzadılıb. Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin
rəhbəri Zəminə Əliqızı bu barədə məlumat verib. Onun sözlərinə
görə, 6 yaşı cari ilin 15 sentyabr – 31 oktyabr tarixləri arasında
tamam olan və təhsil nazirinin 16.06.2010 – cu il tarixli 796
nömrəli əmri ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin I sinfinə
uşaqların vaxtından əvvəl qəbulu qaydaları"na uyğun olaraq Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri
tərəfindən 17.07.2013 – cü il tarixədək sənədləri qəbul edilib.
Lakin valideynlərin və digər qanuni nümayəndələrin Bakı şəhərində
olmaması səbəbindən 20.08.2013 – cü il tarixədək BŞTİ – də
qeydiyyatdan keçməsi mümkün olmamış uşaqların qeydiyyat müddətinin
uzadılmasına Təhsil Nazirliyi tərəfindən baxılıb.
Təhsil Nazirliyinin 27 avqust tarixli məktubu ilə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinə 6 yaşı cari ilin 15 sentyabr – 31 oktyabr
tarixlərində tamam olan uşaqların sənədlərinin qəbulu müddətinin
sentyabr ayının 5 – dək uzadılmasına icazə verilib.Sənədlər Bakı
Şəhəri üzrə Təhsil İdarəsində 28.08.2013 – cü tarixindən (şənbə və
bazar günləri istisna olmaqla) saat 10:00 – dan 17:00 – dək qəbul
ediləcək.