Bu barədə APA-ya bununla bağlı yaradılan monitorinq qrupunun üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, dosent Təranə Şükürlü verib.
O deyib ki, monitorinq Milli Televiziya və Radio Şurası tərəfindən Elektron Media Yardım Fondu ilə birgə, AMEA-nin Nəsimi adına Dilçilik İnstitutunun da mütəxəssislərinin cəlb edildiyi qrup tərəfindən aparılacaq. Monitorinq ANS, ATV, İTV, "Lider", "Xəzər" və "Space" kanallarını əhatə edəcək.
O, müşahidələrin əsasən 4 sahəni əhatə edəcəyini də deyib: "Bunlara fonetik, leksik, qrammatik və üslub normaları daxildir. Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların müəyyənləşdirilməsinə gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək edəcək".
T. Şükürlü qeyd edib ki, televiziya kütləvi informasiya vasitələrinin elə bir növüdür ki, onun vasitəsilə müxtəlif sosial tərkibli auditoriyaya, seyrçilərin şüuruna, davranışına daha effektli təsir etmək mümkündür. Ekranda linqvistik elementlər TV-nin başqa ifadə vasitələri ilə harmoniya yaratmalı və müəllif təhkiyəsindən asılı olaraq üsluba ciddi fikir verilməlidir: "Demək istərdim ki, bu günkü telekanallarımızın fəaliyyəti çoxtərəfli, böyük və əhəmiyyətlidir. Televiziya hər zaman axtarışda olan qurumdur. Telekanallarımızın potensialı böyükdür. İnanırıq ki, bundan sonra da onlar fəaliyyətini daha da təkmilləşdirəcək".
T. Şükürlü deyib ki, monitorinqlər sentyabrın 1-də başlayacaq və bir ay davam edəcək.