Qusar rayonunun Samur Gömrük-Keçid Məntəqəsində Azərbaycan-Rusiya sərhədində yaranan avtomobil növbələri azalmaq üzrədir.
Trend Regional TV-yə istinadən xəbər verir ki, hazırda ərazidə
50-60 avtomobil var ki, onların da arasında kiçik nəqliyyat
vasitələri üstünlük təşkil edir. "Samur" Gömrük Postunun rəis
müavini Cavid Nadirovun sözlərinə görə, gün ərzində qarşı tərəfə
200 avtomobil buraxılır.
Keçid məntəqəsində avtomobil növbələrinin yaranmasına əsas səbəb
Rusiyada yeni tədris ilinin başlanması və Azərbaycanda istirahətdə
olan Rusiya vətəndaşlarının öz ölkələrinə qayıtması ilə
bağlıdır.
Bundan başqa, Azərbaycandan olan müxtəlif mövsümi meyvə-tərəvəz
məhsullarının qonşu ölkəyə aparılması da sərhəddə növbələrin
yaranmasında səbəblərdən biri kimi göstərilir.
Cavid Nadirov qeyd edib ki, Samur Gömrük-Keçid Məntəqəsində
yaranmış nəqliyyat vasitələrinin növbələri bir neçə gündən sonra
təmamilə aradan qalxacaq.