Azərbaycanda sərxoş sürücülərin avtomobilləri müsadirə edilə bilər
30 Avqust 2013 13:21 (UTC+04:00)
Azərbaycanda sərxoş sürücülərin avtomobillərinin müsadirə olunması
təklifi irəli sürülüb.
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Rəfael Cəbrayılov Trend-ə bildirib ki, sərxoş
sürücülərə qarşı cəzaların sərtləşdirilməsi təklif olunur:
"Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi sərxoş sürücüyə
qarşı yalnız cərimə tətbiq olunmur, onlar birmənalı olaraq
sürücülük hüququndan məhrum edilirlər. Hazırda Azərbaycanda o halda
sürücülük hüququndan məhrum edirlər ki, bu hal il ərzində iki dəfə
baş versin, yaxud şəxs avtomobili sərxoş vəziyyətdə idarə edərkən
kiməsə yüngül xəsarət yetirsin, yaxud da maddi ziyan vursun".
Millət vəkili sərxoş sürücülərin avtomobilinin müsadirə edilməsi
məsələsinin də qanunvericiliyə daxil ediləcəyini istisna etməyib:
"Şəxs avtomobili dəfələrlə sərxoş halda idarə etməsi faktına yol
verərsə, maşının müsadirə edilərək həmin şəxsin sürücülük
hüququndan məhrum edilməsi müzakirə predmeti ola bilər. Müsadirə
edilən avtomobil inzibati xətanın predmeti kimi satılır, dəyəri
sürücünün özünə də verilə bilər, hətta dövlət büdcəsinə də keçirilə
bilər".
R.Cəbrayılov cəzaların sərtləşdirilməsinin zamanın tələbi olduğunu
deyib: "Bu, o qədər zəruri məsələdir ki, bir vaxt istəsək də,
istəməsək də cəmiyyət bunu tələb edəcək. Çünki hərəkətin
intensivliyi, insanların çoxluğu, avtomobillərin sıxlığı artıq o
həddə çatıb ki, avtomobili nəinki sərxoş vəziyyətdə, hətta adi
halda belə idarə etmək artıq heç kimin şəxsi işi deyil".
Qeyd edək ki, hazırda Azərbaycan İnzibati Xətalar Məcəlləsinin
152-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan
şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsinə görə 300 manat miqdarında cərimə edilir və ya
nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək
müddətə məhdudlaşdırılır. Eyni hərəkətlər təhlükəsizlik
kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs
siqnallarından istifadə qaydalarının pozulması ilə törədildikdə
nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə
məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda
cərimə edilir.