Bayram Səfərov:“Bayrağımızın altından keçən hər bir erməniyə çörək verməyə hazırıq”
30 Avqust 2013 12:24 (UTC+04:00)
"Ermənistan xarici ölkələrin rəsmi və qeyri-rəsmi
şəxslərini işğal etdikləri Dağlıq Qarabağa aldadaraq aparırlar".
Mövqe.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə "Dağlıq
Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon
İcra Hakimiyyətinin başçısı Bayram Səfərov verib.
B. Səfərov deyib ki, Dağlıq Qarabağa bir dəfə
səfər edən xarici ölkələrin rəsmi şəxsləri bu bölgəyə bir də
getmirlər: "Ermənistana səfər edən xarici ölkə rəsmiləri
aparıldıqları bütün ərazilərin Ermənistan olduğunu güman edirlər.
Yəni onlar Ermənistana gedirlər, sonradan məlum olur ki, həm də
Dağlıq Qarabağa da aparılıblar. İkinci dəfə Qarabağa gedən xarici
ölkə rəsmisi yoxdur. Bunun özü ermənilərin belə səfərləri
riyakarlıqla hazırlamasından xəbər verir".
B. Səfərov qeyd edib ki, bu gün heç bir xarici
dövlət bir rəsmi şəxsin əməlinə görə, Azərbaycanla əlaqələrin
korlanmasını istəmirlər.
B. Səfərov Qarabağdakı təbii sərvətlərin talan
edilməsi ilə bağlı məlumatları da şərh edib. Onun sözlərinə görə,
nə Ermənistanın, nə də Qarabağda olan ermənilərin bu təbii
sərvətləri istismar etməsi üçün maliyyə imkanları yoxdur: "Bu
ermənilərin Azərbaycanı qıcıqlandırmaq üçün ortaya atdığı növbəti
dezinformasiyadır. Həmçinin, belə informasiyalar yaymaqla
Ermənistan hökuməti öz əhalisini yalançı iqtisadi uğurlar adı ilə
aldatmaqla məşğuldur. Sirr deyil ki, bu gün Ermənistandakı iqtisadi
vəziyyət çox ağırdır və çıxış yolu isə yalnız Azərbaycana qarşı
təcavüzkar siyasətdən əl çəkməkdir".
O, erməni ictimaiyyətinə müraciət edərək, bütün
erməniləri öz haqlarını müdafiə etməyə də çağırıb: "Buradan onlara
səslənirəm. Üzümü həm Ermənistanda, həm də Qarabağdakı ermənilərə
tuturam. Yaşadıqlarınız yerdə sizə qarşı haqsızlıq edənlərdən öz
hüquqlarınızı tələb edin. Onlara deyin ki, sizə qarşı niyə belə
cinayətlər törədirlər. Azərbaycan olaraq, bizim qapımız hamının
üzünə açıqdır. Qarabağ erməniləri unutmasınlar ki, onlar Azərbaycan
vətəndaşlarıdır. Bayrağımızın altından keçən hər bir erməniyə çörək
verməyə hazırıq".