Prezident maaş artımından danışdı

31 Avqust 2013 13:01 (UTC+04:00)

"Güclü iqtisadiyyatı biz yaratmışıq. Bütün bunlar Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyasının icrası nəticəsində mümkün olub".  Bunu prezident İlham Əliyev Sabirabadda Kür çayı üzərində yeni inşa olunan körpünün açılışında çıxışı zamanı bildirib. O qeyd edib ki, neftdən gələn gəlirlər insan kapitalına yönəldilir: "Bir daha demək istəyirəm ki, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Bunu edirik. İqtisadiyyatımız isə güclüdür və güclənir. Dünyada böhran davam edir. Amma bizdə bu hiss olunmur. Bəzi ölkələrdə maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisara düşür. Amma bizdə maaşlar, pensiyalar artır, iş yerləri açılır. Budur bizim reallıqlarımız. Bu, böyük nailiyyətdir, böyük nemətdir. Gərək biz bu inkişafı gələcəkdə də təmin edək".

Dövlət başçısı vurğulayıb ki, bunu etmək üçün həmişə olduğu kimi, xalqla iqtidar bir olmalıdır. "Bax, bu birlik bizim bütün uğurlarımızı şərtləndirib. Bizim gördüyümüz işlər konkret işlərdir. Körpülər, yollar, su, qaz xətləri, məktəblər, konkret işlərdir ki, insanlar bunu görür və istifadə edirlər. Əminəm ki, gələcəkdə bizim görüşlərimiz hələ çox olacaq"-deyə, prezident İlham Əliyev əlavə edib. (Lent.az)