Azərbaycanda vərəm xəstələrinin vahid elektron məlumat bazası hazırlanıb. Bu barədə məlumatı Movqe.az-a Azərbaycanda Səhiyyənin Gücləndirilməsi layihəsinin vərəm üzrə meneceri Şərafət İsmayılova verib. Ş. İsmayılova bildirib ki, e-TB manacer elektron məlumat bazası, Azərbaycanda vahid e-hökumət layihəsinin bir hissəsi kimi qəbul edilə bilər: "Belə ki, bu sistem Azərbaycanda tətbiq olunan sağlamlıq kartı sisteminə də inteqrasiya olunacaq. Məlumat bazası EİDSS (Elektron Epidemioloji Nəzarət Sistemidir) sistemi ilə də əlaqəlidir. Vərəmə şübhəli, vərəm xəstəliyi təsdiqlənən xəstə barədə məlumat Gigiyena və Epidemiologiya Mərkəzindən EİDSS-ə keçir, buradan isə e-TB- manacer-ə inteqrasiya olunur. Növbəti addım sağlamlıq kartına keçməkdir. E-TB manacer sisteminin əsas üstünlükləri xəstələrin statistik qeydiyyatında dublikasiya (təkrarlanma) ehtimallarının 0-a enməsi, həmçinin xəstənin müalicəsinin keyfiyyətinə, diaqnostikasına, nəzarət etmək imkanı verir. Bu sistem bir növ vərəm xəstələrinin elektron xəstəlik tarixçəsidir. Sistemə hal-hazırda 35 vərəmlə mübarizə üzrə tibb müəssisəsi qoşulub. E-TB manacer sistemi həmçinin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində də tətbiq edilir".
Ş. İsmayılova bildirdi ki, xəstələrin konfidensiallığının qorunması məqsədilə yalnız aidiyyatlı həkimlərə məlumat bazasına giriş və istifadə imkanı verilir. Sistemə daxil olmaq üçün hər bir həkim üçün xüsusu giriş kodu və şifrəsi verilir.