Aparıcı Tural Ozan və rəqqasə Oksana Rəsulova niyə aldanıldı?!

2 Sentyabr 2013 14:58 (UTC+04:00)
Azərbaycan və Türkiyənin birgə layihəsi olan "Acıtan Yürək" filmində baş rol təklifi alan teleaparıcı Tural Ozan və rəqqasə Oksana Rəsulovanı aldadıblar. Bir müddət öncə rəqqasə Oksana Rəsulova və aparıcı Tural Ozan "Acıtan yürək" adlı serialda rol alacaqlarını elan etmişdilər.

Mövqe.az-ın məlumatına görə,  filmin çəkilişləri hələ də baş tutmayıb. Ötən gün isə böyük səs-küyə səbəb olan, Azərbaycan və Türkiyə rejissorlarının birgə layihəsi kimi tanıdılan serialın yalan olduğu xəbərləri yayılıb.

Rəqqasə və aparıcı bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:

"Biz, Oksana Rəsulova və Tural Ozan bəyan edirik! Bir neçə ay öncə bizə təklif gəldi. Azərbaycan və Türkiyənin birgə layihəsi olan "Acıtan Yürək" filmində baş rolda çəkilməli idik. Anlaşmaya əsasən, filmi türkiyəli rejissor Cansu Kırdar İrmak lentə alacaqdı. Eyni zamanda filmdə "Kaybolan yıllar" serialından tanıdığımız aktyor Saruhan Hünərin də baş rolda olacağı bildirildi. Layihə rəhbəri Günel Abdullayeva həmçinin , filmin digər iştirakçılarının seçim turlarında Acun Illıcalı və "Möhtəşəm yüz il" serialının qəhramanı Məryəm Uzərlinin də iştirak edəcəyi bildirdi. Filmin Türkiyədə İzmirdə, Bakıda və Qəbələdə çəkiləcəyi deyilirdi. Artıq bir neçə ay keçməsinə baxmayaraq, serial hələ də çəkilmir. Hər ay layihə rəhbəri naməlum səbəblərə çəkilişi təxirə salıb, növbəti aya salındığını bildirir. Biz də, bu məsələdən ciddi narahat olub araşdırma apardıq.

Məlum oldu ki, filmi lentə alacaq resjissor Cansur Kırdar İrmak adlı şəxs ümumiyyətlə mövcud deyil. Hətta internetdə axtarış sistemində də Cansu adlı rejissor yoxdur.

Ekran işinin sorağı Türkiyə mediasına qədər gedib çıxıb və jurnalistlərin araşdırmasına görə, Saruhan Hünəl bu xəbərin yalan olduğunu bildirib. Eyni zamanda hal- hazırda Almaniyada olan Meryem Uzerlinin nişanlısı Can Ataş türk mediasına müsahibədə xəbərin yalan olduğunu deyib. Layihə rəhbəri bizə film üçün baş rola görə hər birimizə 15.000 manat verəcəyini bildirmişdi. Amma hal-hazırda nə film var, nə də rəsmi bir müqavilə.
Eyni zamanda "Acıtan ürək" filmin mediada piarının aparılmasında və əlavə iştirakçılar cəlb etmək üçün bizim adımızdan istifadə edildiyini düşünürük.

Son zamanlar təkcə biz deyil, filmdə iştirak edən digər iştirakçılarında bizə müracət edərək onlarda narahat olduqlarını bildirirlər. Bununla yanaşı dünən apardığımız araşdırma zamanı məlum oldu ki, kastinqə gələn 500-dən çox iştirakçının hər birindən heç bir sənəd təqdim edilmədən müəyyən miqdarda pul da alınırmış.Və hal-hazırda kastinqlər davam edir. Hətta layihə rəhbəri filmin 17 sponsoru olduğunu bildirir. Bu şirkətlər arasında kifayət qədər önəmli firmaların və şəxslərin adını hallandırır.

Beləliklə, "Acıtan ürək" adlı filmdən imtina edirik. Bu günə qədər adımızdan suni istifadə etməklə özlərinə piar və yeni iştirakçı qazanmaqla dolayı yolla pul qazanmaq istəyən layihənin rəhbəri Günel Abdullayevanı insanları aldatmaqda günahlandırırıq. Həmçinin bundan sonra filmlə adımızın bir hallanmasını istəmirik. Bizə qarşı edilmiş haqsızlıqa və bizi aldatdığına görə məsələni hüquqi yolla həll edəcəyik. Bununla bağlı rəsmi orqanlara müraciət edib , təzminat davası açacayıq".