Azərbaycanın əksər bölgələrində iribunuzlu heyvanlar arasında yayılmış yeni xəstəlik bir daha fermerləri tədbirli davranmağa, mal-qarasını vaxtında sığorta etdirməyin vacib olduğunu yada saldı. Qeyd edək ki, xarici ölkələrdə kənd təsərrüfatı risklərinin sığortasından fermerlər geniş istifadə edirlər. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər və müəssisələr "Kənd təsərrüfatı bitkiləri məhsullarını, heyvanlarını təbii fəlakət və həmin ərazi üçün qeyri-adi olan digər meteoroloji və təbiət hadisələri, yanğın nəticəsində zədələnməsi və məhv olması hallarına qarşı sığorta etdirirlər. Azərbaycanda da kənd təsərrüfatı məhsullarının istehsalı və ya heyvandarlıq ilə məşğul olan fiziki və hüquqi şəxslər əkdikləri məhsulları və sahib olduqları heyvanları sığorta etdirməklə gələcəkdə baş verə biləcək hadisələr zamanı onlara dəyən itki və ziyanlara qarşı təminat əldə edə bilərlər. Amma nədənsə, bu sığorta növünə ölkəmizdə maraq elə də böyük deyil. Dövlət Baytarlıq Xidmətinin mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli Movqe.az-a açıqlamasında bildirib ki, heyvanların sığortası çox vacibdir: "Biz də fermerlərə müraciət etmişik ki, mal-qaralarını xəstəliklərə, baş verəcək təbii fəlakətlərə görə sığorta etdirsinlər. Çünki, mal-qara arasında hər hansı xəstəliyin yayılması riskindən heç bir fermer sığortalanmayıb. Amma görünür fermerlər nədənsə bu sığorta növünə maraq göstərmirlər. Mal-qara tələf olan zaman fermein yadına sığorta düşür ki, artıq onda da çox gec olur. Fermerə dəyən ziyanı heç bir qurum ödəmir".
Y. Xanvəli bu sığorta növünün məcburi olmadığını, könüllü xarakter daşıdığını bildirdi. Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri arasında mal-qaranın sığortasını təklif edən sığorta şirkətləri var. Amma həmin şirkətlərin əksəriyyəti bu sığorta növünü artıq dayandırıb. Əlaqə saxladığımız sığorta şirkətlərindən, bu sığorta növünün sərfəli olmadığı, müraciət edənlərin sayının həddindən artıq az olması ilə izah etdilər.