Seçki təşviqatına qoşulacaq KİV-lərin adı bəlli oldu
3 Sentyabr 2013 11:05 (UTC+04:00)
9 oktyabr seçkisində ödənişli təşviqat aparmaq istəyən media
qurumlarının Mərkəzi Seçki Komissiyasına müraciət müddəti
sentyabrın 2-də bitib. MSK-nın saytında 51 kütləvi informasiya
vasitəsinin müvafiq bildirişləri, ödənişin şərtləri və məbləği
barədə bilgiləri yer alır. Müraciət edənlərin 1-i teleradio
şirkəti, 26-sı qəzet, 24-ü agentlik, portal, internet televiziyası
və internet radiosudur.
Seçki Məcəlləsinə görə, nizamnamə kapitalında xarici dövlətlərin,
xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan
şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olan hüquqi
şəxslərə seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı
təşviqat materiallarının yayılması qadağan edilir.
Qeyd edək ki, 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya
vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə prezidentliyə
qeydə alnmış namizədlərə aşağıda göstərilən kütləvi informasiya
vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer
ayrılacaqdır:
İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan", "Xalq
qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetləri.