DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello iddialı açıqlama verib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis rəhbərlik etdiyi kollektivin komandamızın da yer aldığı F qrupunda birinci yeri tutacağına əmindi.
Kapello Rusiya Futbol İttifaqının rəsmi açıqlamasında bunlar deyib: "Rusiya millisinin qrupda birinci yeri tutacağından əminəm. Komandanın nəyə qadir olduğunu bilirəm. Onu da bilirəm ki, növbəti oyunlarda necə lazımdırsa, elə də oynayacağıq".
Qeyd edək ki, Rusiya millisi sentyabrın 6-da Kazanda Lüksemburqu qəbul edəcək. 4 gün sonra Sankt-Peterburqda İsraillə üz-üzə gələcək şimal qonşularımız oktyabrın 15-də Bakıda yığmamızın qonağı olacaqlar.
Rusiya millisi hazırda 12 xalla 2-ci pillədə qərarlaşıb. Lakin Kapellonun komandası F qrupunun lideri olan Portuqaliya yığmasından 2 xal geri qalsa da, 1 oyun az keçirib.