Binə və Sədərək Ticarət Mərkəzində təhlükəli məktəbli formaları satılır

3 Sentyabr 2013 19:23 (UTC+04:00)

"Bazarda satılan məktəbli formasının qiyməti ilə yanaşı keyfiyyəti də narahatçılıq doğurur. Aidiyyatı qurumlar yeni dərs ili öncəsi satış obyektlərində keyfiyyətsiz və məktəblilərin sağlamlığını təhdid edən məktəbli formalarını satışdan yığışdırmalıdırlar".

Bu sözləri Movqe.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. E. Hüseynov bildirib ki, hazırda saxta məktəbli formaları tullantı məhsullarından hazırlanır: "Onlar yandırılarkən  qara qır kimi yanır və xüsusi iy verir. Lakin pambıq materiallar belə yanmır. Saxta formaların materialları əsasən Çindən gətirilir və neft tullantılarından hazırlanır. Bu isə uşaqların sağlamlığı üçün arzuedilməz nəticələrə gətirib çıxara bilər".

Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva isə Movqe.az-a açıqlamasında təhlükəli məktəbli formalarının daha çox Sədərək və Binə ticarət mərkəzlərində satıldığını söyləyib. Məktəbli forması istehsalı ilə məşğul olan müəssisə rəhbəri bildirib ki, satışdakı saxta formaların hazırlanıdığı parçaların lifləri plastik tullantılardan hazırlandığından radiasiya təhlükəsi də var: "Məktəbli 7-8 saatını formada keçirir. İndi təsəvvür edin ki, azyaşlı uşağın dərisi radiasiyaya məruz qalan məhsulun tullantılarından alınmış parka ilə təmasa girir. Belə parçalar hava keçirmədiyindən, uşağın səhhətinə mənfi təsir göstərir. Amma satışda hələ də, belə saxta məktəbli formalarına rast gəlinir. Binə, Sədərək ticarət mərkəzlərində bu formalar 10 manata satılır".

S. Babayeva təcili bu cür formaların satışının qarşısının alınması üçün tədbirlər görülməli olduğunu söyləyir.