Rövnəq Abdullayev: "Berti Foqtsun göndərilməsi barədə..."
4 Sentyabr 2013 11:28 (UTC+04:00)
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinə yeni baş
məşqçinin təyin olunması məsələsinə aydınlıq gətirib. Mövqe.az
xəbər verir ki, o, çərşənbə axşamı jurnalistlərə açıqlamasında
bildirib ki, millinin baş məşqçisi Berti Foqtsun getməsi barədə
hələ düşünülmür.
Onun sözlərinə görə, milliyə yeni baş məşqçinin
gətirilib-gətirilməməsinə dair qərarın verilməsinə hələ ki vaxt
var. R.Abdullayev deyib ki, Azərbaycan millisi növbəti seçmə
mərhələyə 2014-cü ilin sonlarında başlayacaq. Buna qədər AFFA-nın
indiki baş məşqçinin mənfi və müsbət cəhətlərini təhlil edib
müvafiq qərar çıxarmağa vaxtı olacaq.
AFFA prezidenti Qurban Qurbanovun milliyə baş məşqçi postuna
gətirilməsi barədə sualı cavablandırarkən bildirib ki, bununla
bağlı ad çəkmək hələ tezdi: "Bu məsələyə AFFA-nın İcraiyyə Komitəsi
baxacaq və AFFA elə məşqçi seçimi etməlidi ki, milli 2016-cı ildə
Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış
edə bilsin. Çünki Azərbaycan 2016-cı il Avropa çempionatına
iddialıdı".