Aparıcı Zaur: “Rəhim Rəhimli ilə bağlı dediklərimə düzəlişim var”

4 Sentyabr 2013 14:42 (UTC+04:00)

 Aparıcı Zaur Nəbioğlu Mövqe.az-ın "Aparıcılıq edənləri aparıcılar topa tutdu" başlıqlı yazıda getmiş fikirlərinə düzəliş vermək üçün saytımıza müraciət edib. Zaur Nəbioğlu müğənnilərin aparıcılıq etməsi məsələsinə münasibət bildirərkən demişdi: "Hərə öz peşəsində maraqlıdır. Bu gün mən də çıxım mahnı oxuyum, tamaşaçıya Zaurun oxuduğu mahnı maraqlı olmayacaq. Məsələn, heç kim müğənni Rəhim Rəhimlini aparıcı kimi təqdim etmir, sevmir. Amma halbuki Rəhim neçə illərdir veriliş aparır".


   Zaur Nəbioğlu Mövqe.az-a yeni açıqlamasında aşağıdakıları bildirib: "Bu gün Rəhim Rəhimli Mövqe.az-da çıxan yazını oxuduğunu və mənə yaxınlaşaraq dediklərimin nə dərəcədə doğru olub-olmadığını soruşdu. Mən də söylədim ki, şou-biznes yazıları daha maraqlı olması, çox oxunması üçün həmişə təmtəraqlı başlıqlar qoyulur, fikirlər müəyyən qədər dəyişdirilir və ya mətnə uyğunlaşdırılır. Bəlkə də ona görə fikirlərim başqa cür başa düşülüb. Mən heç vaxt düşünməmişəm ki, Rəhim Rəhimli bir aparıcı kimi sevilməyib. Mən o cür demək istəməmişəm. Rəhim Rəhimli "Lider" kanalında sevilir, bunu heç gizlətmək də mümkün deyil. Bu kanalda mənə ilk dəstək göstərənlər Rəhim Rəhimli və Röya olub. Onların vasitəçiliyi ilə mən bu kanala gəlmişəm. Rəhim Rəhimlini səhnədə, verilişdə təqdim edəndə və ya saytlarda onun haqqında yazılanda adı qarşısında aparıcı yox, müğənni və bəstəkar yazılır. Mən bunu izah etməyə çalışmışam. Görünür, ya mən düzgün izah etməmişəm, ya da texniki səhvlər ucbatından belə gedib".