Samir Əliyev: "Azərbaycanda satılan hər bir malın üzərində ana dilində məlumat olmalıdır"
Danılmaz həqiqətdir ki, bu gün ölkəmizdə istehlak bazarında satılan məhsulların heç də hamısının üzərində keyfiyyət göstəricisi olan sənədlərə, sertifikatlara təsadüf olunmur. Bu cür sənədlərin olmaması alıcının məhsul haqqında yetərincə məlumatlandırılmamasına gətirib çıxarır. Nəticədə istehlakçının hüquqları pozulur. Məhsul zay çıxarkən isə onun mağazaya geri qaytarılması və ya dəyişdirilməsi sahəsində problemlər ortaya çıxır. Bu kimi hallara internet mağazalardan edilən ticarətdə daha çox təsadüf olunur.
Yaranan bu problemin səbəbi və onu aradan qaldırmağın yolları haqda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Mövqe.az-a açıqlama verib: " Azərbaycanda 2007-ci ildə elektron ticarət haqda qanun qəbul olunubdur. Həmin qanun ticarətin bütün problemlərini, fəaliyyətini tənzimləyir. Bu gün bütün dünyada elektron ticarət ənənəvi, klassik ticarətlə ciddi rəqabətdədir. Və elektron ticarət getdikcə irəliləyir. Azərbaycanda da elektron ticarətdən istifadə edənlərin sayı az deyil. Lakin elektron ticarətdə də insanların hüquqları pozulur. Azad İstehlakçılar Birliyinə bununla bağlı şikayətlər gəlir. Bu şikayətlər əsasən belə olur: ya alıcı məhsulu alandan sonra məhsul onun tələbatını ödəmir, onu geri qaytarmaq istəyərkən problem yaranır. Və ya sifariş verdiyi mal yox, başqa məhsul gəlibsə, onu geri qaytarmaq problemə çevrilir və s. kimi vəziyyətlər müşahidə olunur. Bizə gələn şikayətlərdə biz daim istehlakçının hüquqlarını qorumağa nail olmuşuq. Sadəcə olaraq, insanlar bilməlidirlər ki, əgər məhsul alıcının tələbini ödəmirsə, onu klassik ticarətdən fərqli olaraq elektron ticarətdə 7 gün müddətində geri qaytara bilərlər. Klassik ticarətdə isə bu müddət 15 gündür. Lakin ənənəvi, klassik ticarətdə də istehlakçıların hüquqlarının pozulması davam edir, təəssüflər olsun . Sənayə mallarının 80%-nin heç bir sertifikatı, qiymət sənədləri və s. yoxdur. Endirim kampaniyaları zamanı istehlakçılar aldadılır. Və ya istehlakçının tələbatının ödənmədiyi halda, məhsulun geri qaytarılması problemi yaranır və s. Şikayətlərdə bu tipli məsələlər əks olunur.
Problemin həlli üçün istehlakçı öz hüququnu tələb etməlidir. Belə hallar olanda müştərilər Azad İstehlakçılar Birliyinə və ya müvafiq orqanlara müraciət etsinlər ".
Iqtisadçı-ekspert Samir Əliyev saytımıza verdiyi açıqlamada məsələyə bu cür aydınlıq gətirib: "Qaldırılan məsələ istehlakçıların hüquqlarının qorunması məsələsidir. Əvvəla, mağazalarda hər bir mal haqqında geniş məlumat olmalıdır. Azərbaycan müstəqil bir dövlətdir. Ona görə də, Azərbaycanda satılan hər bir malın üzərində ana dilində məlumat olmalıdır. İstər geyim malları, istər ərzaq, istər elektrik malları və s. Çünki, istehlakçının aldığı məhsul haqqında geniş məlumatı olmalıdır. İstehlakçıların hüquqlarının qorunmasının ikinci əsas amili məhsulun keyfiyyətinin qorunmasıdır. Qanunvericilik buna imkan verir ki, hər hansı bir məhsul keyfiyyətli olmadıqda alıcı onu geri qaytarsın və ya dəyişdirsin. Ona görə də, keyfiyyətsiz məhsulun satılması hüquq pozuntusu hesab olunur. Keyfiyyətsiz mal özü də iki cür olur. Birinci hal odur ki, mal öz keyfiyyətini qoruyur, lakin istifadə müddəti bitir. İkinci hal isə odur ki, saxlama müddəti bitməmiş məhsul öz keyfiyyətini itirir. Hər iki halda məhsulun saxlanması hüquq pozuntusudur. Bütün bunların kökündə o dayanır ki, hər bir malın keyfiyətini təsdiq edən bir sənəd olmalıdır. Və hər bir mağazada satıcılarda bu sənəd öz əksini tapmalıdır ki, ehtiyyac olanda məhsulun keyfiyyət sertifikatını göstərsin. Bu sənədlərin hər biri olmalıdır ki, istehsalçıların da hüquqları qorunsun. Bu kimi problemlərin həlli üçün, bizdə istehlakçilarin hüquqları haqqında qanun var. Bu qanun istehlakçıların hüquqlarının qorunması məsələləri ilə məşğul olur. Bütün dünyada istehlakçıların birləşdiyi Azad Istehlakçılar Birliyi vətəndaş cəmiyyəti adından məhsulların keyfiyyətinin qorunması istiqamətində işlər görür. Problemlərin həlli üçün təbii ki, qanunvericiliyə əməl edilməsi, müraciətlərə baxılması və bu sahədə sərtləşdirilmə prossesi aparılması lazımdır. Elə edilməlidir ki, satıcı anlasın ki, keyfiyyətsiz mal satacağı təqdirdə onun mağazası bağlana bilər və yaxud da ki, o, cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu kimi məsələlər həll olunarsa, düşünürəm ki, neqativ hallar aradan qalxar ".