Kitabların azalan tirajı

4 Sentyabr 2013 18:04 (UTC+04:00)

Qəşəm Nəcəfzadə: "Müəllifin öz hesabına gücü çatmır ki, kitabını yüksək tirajla çap etdirsin"


Sovetlər dönəmində Azərbaycanda yazıçıların kitabları əksər hallarda böyük tirajla çap olunurdu. Eyni zamanda bu kitabların oxucu kütləsi də kifayət qədər çox idi. Lakin indi əks proses müşahidə olunur.


Bunun səbəbləri barədə Mövqe.az-a danışan yazıçı-publisist Qurban Yaquboğlu qeyd edir: "Kitabların tirajıyla bağlı narazılıq edəndə zənnimcə, həmin kitabların mövzusuna, mətninin janrına, poliqrafik keyfiyyətinə və bu kimi bir neçə kriteriyalara baxmaq lazımdır. Məsələn, mən bilən, son illər şeir kitablarına maraq azalıb, əksinə nəsr əsərlərinə, romanlara diqqət yüksəlib. Bədii tərcümə kitablarının da tirajında artım var. Dedektiv, macəra, eşq mövzusunda yazılmış kitablar isə bütün dövrlərdə daha yaxşı satılıb. Eyni zamanda oxucu audoriyasının genişlənməsi də mühüm amillərdəndir. Yəni ola bilər yaxşı kitab olsun, yaxşı oxucu tapılmasın. Kitabların tirajı ümumən cəmiyyətin səviyyəsi ilə şərtənir".


Şair və publisist Qəşəm Nəcəfzadə isə bildirir: " Bu gün kitablarımızın az tirajla buraxılmasına səbəb reklamın az olması və xaricə meyilliyin daha çox olmasıdır. Lakin tam demək olmaz ki, bizim kitablar az tirajla çıxır. Kitablarımızın az tirajla çıxmasına səbəb oxunmamazlıq problemi deyil. Sadəcə müəllifin öz hesabına gücü çatmır ki, kitabını yüksək tirajla çap etdirsin. Ona görə də kitablar mini-tirajla çıxır. "Əli və Nino" kitabxanasında "Qanun" nəşriyyatının kitabları çox yaxşı tirajla buraxılır da, satılır da...


Xarici ədəbiyyat isə həmişə yerli ədəbiyyatı yaxşı mənada əsarətdə saxlayıb. Həm xarici ədəbiyyatın fundamenti var. Amma bizdə də yaxşı əsərlər var. Düşünmürəm ki, xarici ədəbiyyata məxsus kitabın da tirajı 1000-i keçsin. Uzağı 2000 ola bilər. Ancaq bizdə də elə yazıçı var, kitabı 2000 tirajla çıxıb. Konkret desəm, bizdə çox tirajla kitabların çap olunmamasına səbəb xaricə meyillilik, reklam işlərinin uğurlu aparılması, əsərin oxunaqlı, müəllifin isə tanınmış olması kimi səbəblər durur. Bizdə isə kitabların reklamı zəifdir. Ancaq bizim müəlliflər xaricdə az tanınırlar, yüksək səviyyəli mükafatlar almayıblar. Bizdə isə təkcə "Milli mükafat" var. Yalnız o, bizim kitabların reklam işlərini çox uğurla aparır. Düşünürəm, zamanla bu məsələlər də həllini tapacaq ".