33 798 nəfər ali məktəblərə qəbul olunub

4 Sentyabr 2013 19:28 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üzrə qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçən abituriyentlərin sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Movqe.az-a  açıqlamasında bildirib ki, bu il ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 20-də başlanıb və bu proses sentyabrın 4-ü saat 17:00-da başa çatıb. Onun sözlərinə görə, 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə 33 798 nəfər qəbul olub. Ayrılmış müddət ərzində 32 701 nəfər (96,75%) qeydiyyatdan keçib. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti də saat 17:00-da başa çatıb. Belə ki, bu il ali məktəblərin boş qalan plan yerlərinə 938 nəfər qəbul olmuşdu və ayrılan müddət ərzində onların 732 nəfəri (78%) qeydiyyatdan keçib. Tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə isə 8243 nəfər qəbul olub. Onlardan 7248 nəfəri (87,93%) ayrılmış müddət ərzində daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.