150 ədəd saxta məktəbli forması aşkarlandı-Özəl
5 Sentyabr 2013 12:04 (UTC+04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
(SMPDK) Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti
xidməti "20" Yanvar metrostansiyasının ətrafındakı yarmarkada
reydlər aparıb. Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil
Talıblının Movqe.az-a verdiyi məlumata görə, reydlər zamanı 150
ədəd saxta əmtəə nişanlı məktəbli forması aşkarlanaraq satışddan
yığışdırılıb. Komitə səlahiyyətlisi bu məktəbli formalarının
arasında "Bakı Tikiş Evi"nin və "Bakı Tekstil Fabriki"nin
məhsullarının saxta variantları ilə yanaşı heç bir keyfiyyət
sertifikatı olmayan formaların da aşkarlandığı söyləyib. F. Talıblı
bildirib ki, yeni dərs ili öncəsi saxta məktəbli formalarının
satışının qarşısını almaq üçün Komitənin Nəzarət xidməti tərəfindən
ciddi nəzarət tədbirlərinə başlanılıb: "Bizim Komitəyə saxta
mıktəbli formaları ilə bağlı istehlakçıklar tərəfindən də siqnallar
daxil olur. Dərhal həmin məlumatlar araşdırılır tədbirlər görülür.
Qaradağ rayonu ərazisindəki, "Binə", "Sədərək" ticarət
mərkəzlərində, şəhərin digər iri satış nöqtələrində reydlər
keçirilir, saxta məktəbli formaları satışdan yığışdırılır. Bu
günlərdə belə nəzarət tədbirlərinin "Şərq Bazarı" ticarət
mərkəzində aparılması planlaşdırılır. Biz valideynlərə bir daha
bildirmək istəyirik ki, respublika üzrə məktəbli formasının
istehsalı üçün iki tikiş müəssisəsinin- "Bakı Tikiş Evi" və "Bakı
Tekstil Fabriki"nin məhsullarına sertifikat verilib. Valideynlər öz
övladlarına məktəbli forması aldıqda sertifikata fikir versinlər,
saxta məhsulları almaqdan imtina etsinlər".