Uşaq bağçalarında və məktəb bufetlərində reydlərin keçiriləcəyi tarix açıqlandı-Eksklüziv

5 Sentyabr 2013 13:11 (UTC+04:00)

Respublikanın ümumtəhsil müəssisələrinin bufetlərində və məktəbəqədər təhsil müəssisələrində  "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tətbiqinə nəzarət məqsədilə reydlərə sentyabrın 16-dan start veriləcək. Bu məlumatı Movqe.az-a  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib. F. Talıblı Movqe.az-a açıqlamasında bildirib ki, sentyabrın 2-dən etibarən standartın tətbiqi qüvvəyə minib: "15 gün standartın tətbiqinə keçid dövrü olduğundan, hazırda biz marifləndirmə tədbirləri aparırıq. Yeni dərs ili sentyabrın 16-dan başlanıldığından həmin tarixdən etibarən bütün ümumtəhsəhsil müəssisələrinin bufetlərində, uşaq bağçalarında reydlərə start veriləcək. Aşkarlanan neqativ hallar faktlarla ictimaiyyətə açıqlanacaq".

Qeyed edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edən dövlət standartını təsdiq edib. AZS 747-2013 "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tətbiq vaxtı 2 sentyabr 2013-cü il tarixindən müəyyən edilib.

Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı müasir qidalanma sistemini təşkil edən reqlamentləşdirilmiş əsas sənəd sayılır və standartın Azərbaycan Respublikasının təhsil müəssisələrində və təhsil müəsssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir. Bu standartın əsas məqsədi təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir. Standartda təhsil müəssisələrində qidanin tərkibinə, qida dəyərliliyinə, həcminə, keyfiyyətinə, təhlükəsizliyinə və qidanin qəbul şəraitinə, qidalanmanın təhlükəsizliyinə və keyfiyyətinə, istifadə olunan qabların təhlükəsizliyinə, həmçinin əsas qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normalarının ödənilməsi üçün tələblər müəyyənləşdirilmişdir. Standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı və s. əks olunmuşdur.