Novruzun ilk müjdəçisi - Yalançı çərşənbə

16 Fevral 2021 13:14 (UTC+04:00)

 

Novruz bayramının təmtərağı bir neçə günlə məhdudlaşmır. Doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur. Bu il Yalançı çərşənbə fevralın 16-na, yəni bu günə təsadüf edir.

Movqe.az-ın məlumatına görə, folklorşünas Ramazan Qafarlı AZƏRTAC-a bildirib ki, Azərbaycan folklorunda yazın gəlişi müjdəsini mistik obraz və bərəkət rəmzi olan Xıdır Nəbi gətirir. Xıdır Nəbi bayramından sonra isə artıq Yalançı çərşənbə gəlir.

İnanclara görə, Yalançı çərşənbə Doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır, onun gələcəyinə işarə verir. Bu, həm də elə bir zaman aralığıdır ki, artıq donuq qış fəslinin təbiətə qədəm basmasından təxminən qırx günlük müddət ötür. Xalqımız isə “yaman günün ömrü az olar” deyib. Məhz bu yaman gün - təxminən qırx gün artıq geridə qalmışdır.

Ramazan Qafarlının sözlərinə görə, Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Bu zaman insanlar səssiz-küysüz öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbədə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir.

Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi, səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu və bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adından ifadə olunan mənanı özündə daşıdığını göstərir.

Xatırladaq ki, bu il Novruz bayramının ilk doğruçu çərşənbəsi - Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Martın 2-də Od, martın 9-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd ediləcək.