Samir Əliyev: "Könüllü siğortanın tərkib hissəsi olan həyat siğortası sahəsində çox böyük axsamalar var"
Aparılan araşdırmalar bir daha göstərir ki, Azərbaycanda digər siğorta növlərinə nisbətən həyat siğortasına maraq azdır. Belə ki, bu məsələ dəfələrlə gündəmə gətirilsə də, Qərb ölkələrindən fərqli olaraq, bizdə insanlar öz həyatlarını siğortalamaqda maraqlı deyillər. Avropanın bəzi ölkələrində gəlirli olmasına görə yalnız bu növ xidmət göstərməklə məşğul olan şirkətlər mövcuddur. Belə ki, inkişaf etmiş sığorta bazarına malik ölkələrdə şirkətlərin 65 faizi yalnız həyat sığortası ilə məşğuldur. Azərbaycanda isə bu hal müşahidə olunmur.
Bunun səbəbləri ilə bağlı siğorta üzrə ekspert Mustafa Abbasbəyli Mövqe.az-a açıqlamasında bildirib: "Həyat sığortasının digər sığorta növlərinə nisbətən daha zəif inkişaf etməsinin bir sıra səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, həyat sığortası kifayət qədər spesifik bir sığorta növüdür. Buna görə də əksər insanlar bu sığorta növünün mahiyyətini dərk eləməkdə çətinlik çəkirlər. Bundan əlavə, digər bir çox sığorta növləri artıq bir neçə ildir ki, qanunla icbariləşdirilmişdir. Həyat sığortası üzrə isə icbari qanun yalnız 2011-ci ildə qəbul edilmişdir. Məlum olduğu kimi sığorta növlərinin inkişafında və ümumiyyətlə sığorta bazarının inkişafında icbarilik prinsipi bir təkan kimi çıxış etməkdədir. Hesab edirəm ki, yaxın gələcəkdə həyat sığortası qat-qat aktuallaşacaqdır ".
Iqtisadçı-ekspert Samir Əliyev saytımıza verdiyi açıqlamada insanların həyat siğortasına marağının az olmasının səbəbini siğorta şirkətlərini düzgün olmayan fəaliyyətində gördüyünü deyib: "Bu gün Azərbaycanda siğorta bazarı zəif inkişaf edir. Amma son vaxtlar bazarda bir qədər canlanma müşahidə edilir. Bunun da səbəbi icbari siğortanın tətbiqidir. Yəni, bazar inkişaf etmədiyindən, hökümət bunu inkişaf etdirmək üçün icbari siğortaya üz tutur. Biz çox vaxt avtomobillərin və ya evlərin icbari siğortasını müşahidə edirik. İstehsalatda bədbəxt hadisələrin baş verməsi ilə bağlı işləyən insanların siğortalanması ilə bağlı hallara da rast gəlinir. Bunun hesabına bu gün siğorta bazarı inkişaf edir. Amma könüllü siğortanın tərkib hissəsi olan həyat siğortası sahəsində çox böyük axsamalar, problemlər var. Bunun da kökündə maarifləndirmənin zəif olması, yəni insanların siğortanın üstünlükləri haqda kifayət qədər məlumatlandırılmaması dayanır. Ona görə bu siğortaya çox diqqət yetirmirlər. İpoteka alan insan məcbur olur ipotekaya görə öz həyatını siğortalasın. Və yaxud da ki, istehsalatda çalışan insan istehsalat işlərindən özünü qorumaq üçün həyatını siğortalayır. Amma yerdə qalan insanlar heç biri bu addımı atmır. Bizdə tək-tək tanınmış xarici şirkətlərdə, xüsusən də neft şirkətlərində və o cümlədən də bəzi dövlət müəssisələrində həyati siğorta aparılır" .
Ekspert həyat siğortasının faydalarından da danışıb: "Həyat siğortası etməklə insan çox şey qazanır. Məsələn, insanın həyatında hər hansı bədbəxt hadisə baş verə bilər. Yaxud insan zədə ala bilər və ya hər hansı bir səbəbdən dünyasını dəyişə bilər. Bunlar üçün siğortalanma olmalıdır ki, sabah hadisə baş verdiyi təqdirdə müəyyən bir ödəniş onun ailəsinə gəlib çatsın. Tibbi siğorta məcburi siğortadır, amma bizdə işlənmir. Xarici ölkələrdə tibbi siğorta çox geniş inkişaf edib. İnsanlar həkimə gedəndə onların xərcləri həmin siğorta şirkəti tərəfindən ödənilir. Azərbaycanda isə həyat siğortası ancaq məcburiyyət qarşısında qaldıqda aparılır. Bu sahənin zəif inkişaf etməsini əsas səbəbi odur ki, şirkətlər öz işlərini düzgün qurmurlar. Çünki, hər hansı hadisə baş verdiyi zaman siğorta şirkətləri əsaslandımağa çalışırlar ki, bu hadisə siğortalanmıyıbdır və ya siğorta hadisəsi baş verməyibdir. Ən yaxşı halda tələb olunan miqdarın az bir hissəsi verilir. Ona görə də insanların inamı azalır. Bütün bunlar son nəticədə ona gətirib çıxarır ki, insanlar siğorta işində ödəniş yatırmaqda maraqlı olmurlar" .