"SOCAR Türkiyə"ni ən yüksək rəqəmsal yetkinlik səviyyəsinə çatdırmağı məqsəd qoymuşuq

3 Mart 2021 09:40 (UTC+04:00)

 

- "SOCAR Türkiyə"də rəqəmsallaşma prosesi hazırda hansı mərhələdədir?

- Türkiyədəki investisiyalarını bir-birinə inteqrasiya olunmuş şəkildə planlaşdıran qrupumuzun əsas prioritetlərindən birini informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində reallaşdırdığı və reallaşdıracağı layihələr təşkil edir. "SOCAR Türkiyə" olaraq 2018-ci ildə "Petkim"lə başlayan rəqəmsal transformasiyamız bu gün qrupumuzun bütün şirkətlərini əhatə edərək davam etdirilir.

2018-2019-cu illərdə, xüsusilə emal və neft-kimya sahəsində başlayan rəqəmsallaşma prosesi İzmirin Əliağa bölgəsindəki fabriklərimizdə ciddi nəticələr verdi. Böyük məlumat bazasının istifadəsinə imkan verən süni intellekt və maşın öyrənmə alqoritmləri vasitəsilə əməliyyat prosesində və məhsuldarlıq göstəricilərində əhəmiyyətli dərəcədə artım müşahidə olundu. Bu gün Əliağada bütün iş proseslərinin bir-birinə inteqrasiyasını nəzərdə tutan bir idarəçilikdən söhbət gedir. "Petkim" və STAR neft emalı zavodu istehsal, planlaşdırma, optimallaşdırma və satış kimi bütün əməliyyat proseslərini güclü informasiya texnologiyaları infrastrukturları ilə davam etdirməkdədir.

Bildiyiniz kimi 2020-ci ildə pandemiya ilə birlikdə bütün dünyada yeni bir mərhələ başladı. Mart ayında Türkiyəni təsiri altına alan COVID-19 virusuna baxmayaraq İnformasiya Texnologiyaları inteqrasiya işlərimizi davam etdirdik. Ancaq pandemiya və neft sektorundakı dalğalanmaları təkrar qiymətləndirərək 2020 və sonrakı illər üzrə planlarımızı nəzərdən keçirdik. Məsafədən fasiləsiz və məhsuldar iş infrastrukturumuzu gücləndirəcək sahələrə yönəlmiş investisiyalarımızı artırdıq. Dərhal artan iş yükü və infrastruktur ehtiyaclarına daha tez reaksiya verə bilmək üçün "bulud" texnologiyalarından daha səmərəli yararlanmağa başladıq. Əməkdaşlarımızın əməliyyat yüklərini azaldaraq strateji fəaliyyətlərə daha çox diqqət ayırmaq məqsədilə Robot Proses Avtomatlaşması (RPA) adlandırdığımız rəqəmsal köməkçiləri işə saldıq. Bu rəqəmsal köməkçilər böyük həcmli işləri bizim yerimizə görməyə başladı.

Əməliyyat texnologiya qruplarımızın işi sayəsində daha əvvəl xarici mütəxəssislərin köməyi ilə reallaşdırılan bəzi texniki əməliyyatlarda və "Advanced Process Control" (APC) sistemlərində mütəxəssislərin məsafədən sahəyə çıxışı təmin olunmaqla əməliyyatlar problemsiz şəkildə reallaşdırıldı və beləliklə, dünyada ilk məsafədən APC funksiyası nümunələrindən birini həyata keçirmiş olduq.

APC funksiyasının işə salınması kimi bizim üçün böyük əhəmiyyət daşıyan layihələrin pandemiyanın səbəb olduğu çətinliklərə baxmayaraq vaxtında və problemsiz icra olunması sahədə ola bilməyən əməliyyat işçilərinin zəruri prosesləri izləyə biləcəkləri ekranlara daşınması ilə təmin olundu və beləliklə, optimallaşdırmaya yönəlmiş yol xəritəmiz işini dayandırmadı. Rəqəmsal həllər və qrupların məhsuldar işi əməliyyat davamlılığımızı COVID-19 məhdudiyyətlərinin təsirindən qorudu.

Bir sözlə, texnoloji və rəqəmsal sahədəki bütün qruplarımızın sinxron fəaliyyəti sayəsində bütün bölmələrimizə lazım olan məsafədən iş infrastrukturu və vasitələri təmin olundu.

- Qrup şirkətlərinizin bu il rəqəmsallaşması ilə bağlı planlarınız nələrdir?

- "SOCAR Türkiyə"nin bütün qrup şirkətlərində Sənaye 4.0 prinsiplərini və ən yaxşı tətbiqləri rəhbər tutaraq rəqəmsal transformasiyaya imkan verən bir çox layihələri həyata keçiririk. Sənaye 4.0-a aid bütün iş sistemlərimizin rəqəmsal texnologiyalarla inteqrasiya olunduğu və mərkəzində "rəqəmsal fabrik" və "rəqəmsal işçi" anlayışlarını qoyduğunu proses idarəçiliyi kimi baxırıq. Bu baxımdan Sənaye 4.0 bütün mərhələlərdə mütərəqqi analitik tətbiqlər və süni intellekt istifadəsini geniş yaydığımız, artırılmış və virtual reallıq texnologiyalarını istehsal, müşahidə, təhsil və əmək təhlükəsizliyi kimi proseslərə daxil etdiyimiz bir strukturu formalaşdırır.

Eyni zamanda Sənaye 4.0 böyük məlumat bazasının istifadəsinə imkan verən süni intellekt və maşın alqoritmləri vasitəsilə qüsursus qərarvermə mərhələsinə çatdığımız, əməliyyatda mükəmməlliyi, istehsalatda isə məhsuldarlığı təmin etdiyimiz bir strukturu ifadə edir. Qarşıdakı dövrlərdə Robot Proses Avtomatlaşmasını daha geniş bir şəkildə istifadə etməyi planlaşdırırıq. Bu sahədə proses avtomatlaşması ilə yanaşı süni intellektin istifadəsi kimi texnologiyalar və inkişaf sahələri diqqət mərkəzindədir. Bunlara əlavə olaraq əşyaların interneti, blokçeyn reallığı, mobillik kimi sahələrdə yarana biləcək imkanlardan da yararlanmaq niyyətindəyik.

- Bu sahədə hansı layihələri həyata keçirirsiniz?

- Pandemiya ilə birlikdə həyatımıza daxil olan bəzi dəyişikliklərin həyatımızın ayrılmaz parçası olacağı bir həqiqətdir. Xüsusilə, "low-touch economy" adlandırdığımız fiziki təmasın azaldığı, sosial məsafənin artdığı bir dövrə daxil oluruq. Bu çərçivədə əməkdaşlarımızın və səhmdarlarımızın yeni dövrə uyğunlaşması üçün rəqəmsal texnologiyalarla dəstəkləyəcəyimiz bir çox məsələ gündəliyimizdədir.

Pandemiyadan çıxış dövründə isə qərar vermə mərhələlərinin rəqəmsallaşmasının və mütərəqqi analitik tətbiqlərlə qərarların avtomatlaşdırılmasının çox vacib yer tutacağına inanıram. Bu cür tətbiqlərlə istehsalda güc dəyişikliklərinə və ya məhsul çeşidindəki dəyişikliklərə çevik reaksiya verə bilər, məhsuldarlığımızı əhəmiyyətli dərəcədə artıra bilərik. Məhsuldarlıq və dəyişən şərtlərə uyğunlaşmaq bacarığı və bunu dəstəkləyən texnologiyalarla əlaqədar atılan vacib addımlar qarşıdakı dövrlərdə bir çox şirkət kimi bizim də gündəmimizi təşkil edəcək.

- Rəqəmsallaşmadan gözlənilən əlavə dəyər nədir?

- Qrupumuzda əldə etdiyimiz nəticələri dəyərləndirsək, layihələrimiz sayəsində əməliyyat, satınalma, maliyyə kimi bölmələrin funksiyalarında məhsuldarlıq və təkmilləşdirməni təmin etdiyimizi demək olar. Bu təkmilləşdirmələrin maliyyə yekunlarımıza hər il müsbət təsir etdiyini görürük. Həyata keçirdiyimiz rəqəmsallaşma layihələri sayəsində 2018-ci ildən etibarən 43 milyon dollarlıq dəyər əldə etmişik. Bundan sonrakı müddətdə isə "SOCAR Türkiyə" şirkətlərinin hamısını əhatə edərək, yeni proseslərə və sahələrə yönəlib səmərə əldə etməyi davam etdirməyi planlaşdırırıq.

Bu dəyərin necə əldə olunduğuna ən gözəl nümunə kimi Petkim Etilen Fabrikini göstərə bilərik. Etilen Soba Optimallaşdırma Modeli layihəsi ilə daha əvvəl həftədə bir dəfə həyata keçirilən 8 soba işlətmə ssenarisi əvəzinə hər 15 dəqiqədən bir 54 milyard ssenari təqdim olunmağa başlandı. Bu layihə ilə ən uğurlu ssenari real prosesə tətbiq olunduğu üçün həm zamana qənaət olunur, həm də yüksək məhsuldarlıq əldə edilir.

Bundan sonrakı dövrlərdə məqsədimiz müxtəlif əməliyyat bölmələri, ticarət və planlama prosesləri, maliyyə idarəçiliyi, əmək təhlükəsizliyi, tədarük halqası kimi proseslərdə rəqəmsal transformasiyaya dair yol xəritələri ilə dəyər qazanmağı qrupumuz üçün maksimum səviyyəyə qaldırmaq olacaq.

Maddi əlavə dəyərlə yanaşı həyata keçirdiyimiz rəqəmsal addımların da bizi daha üst səviyyəyə qaldırdığı həqiqətdir. Reallaşdırdığımız rəqəmsal layihələrlə məhsuldarlığını, istehsal həcmini, erneji məhsuldarlığını və məhsul keyfiyyətini artırdığımız Petkim, rəqəmsal sistemlərlə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində 2020-ci ilin yanvarında Dünya İqtisadi Forumunun "Global Lighthouse Network"ünə seçildi. 2020-ci ildə buraya Türkiyədən seçilən yeganə şirkət "Petkim" oldu və mükafata layiq görüldü. Bu mükafat "Petkim" olaraq rəqəmsal transformasiyada nə qədər irəlidə olduğumuzu açıq şəkildə göstərir. Belə ki, rəqəmsal tətbiqlərimiz bu platformada nümunə göstərilərək öz sekorunda ən yüksək standartı təmsil edir. Bu da bizim üçün çox böyük qürur mənbəyidir.

2021-ci ildə də "SOCAR Türkiyə"nin bütün şirkətlərində oxşar tətbiqləri və tətbiqlərin gətirəcəyi faydaları artırmağı planlaşdırırıq. Şirkətimizi orta və uzunmüddətli perspektivdə ən yüksək rəqəmsal yetkinlik səviyyəsinə çatdırmağı və səhmdarlarımız üçün dəyər yaradan layihələrə imza atmağı qarşıya məqsəd qoymuşuq.