Vəba Azərbaycanı təhdid edir?

6 Sentyabr 2013 16:06 (UTC+04:00)

İranda geniş yayılan vəba xəstəliyinin Azərbaycana keçmə ehtimalı ilə bağlı məlumatlar əhali arasında narahatçılıqlara səbəb olub. Səhiyyə Nazirliyinin  Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanovun vəbanın İrandan Araza tökülən çaylar vasitəsilə yayılma riskinin olduğunu söyləməsi,  içməli su mənbələrimizdə dezinfeksiya tədbirləri ilə bağlı məsələni aktuallaşdırır. Qeyd dək ki, Ş.Qurbanov bildirib ki, İrandan bəzi çaylar Araza tökülür və kanallar vasitəsilə Azərbaycanın bir sıra ərazilərinə yayılır. Buna görə də qorxulu ola bilər. 

Movqe.az İrandan Azərbaycana su vasitəsilə vəbanın keçmə ehtimalını araşdırıb. "Azərsu" ASC-dən Movqe.az-a bildiriblər ki,  2874-82 saylı DÜST standartına müvafiq olaraq içməli suyun 35-dən çox - orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir: "Hazırda mənbələrdən götürülən sular DÜST 2874-82 saylı "İçməli su" standartına cavab verən səviyyədə emal olunaraq istehlakçıların istifadəsinə verilir. İçməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq son istifadəçiyə verilənə qədər müxtəlif  mərhələlərdə periodik nəzarət olunur. İçməli suyun keyfiyyətinə nəzarət su mənbələrində aparılan labarator analizlərlə başlanır. Su şəbəkəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən ciddi şəkildə analiz olunur və nəticələr Mərkəzi Laboratoriyada qeydiyyata alınır. Su nümunələri 25-ə yaxın nöqtədən (mərkəzi və məhəllədaxili anbarlar, məktəblər, bağçalar, xəstəxanalar, ictimai iaşə obyektləri və s.) götürülür. Mərkəzləşmiş su təchizatı sistemində epidemioloji dövlət nəzarətini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi yerinə yetirir".

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin  şöbə müdiri Ziyyəddin Kazımov isə Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda içməli su mənbələrindən götürülən su ilə bağlı narahatçılığa əsas yoxdur. Z. Kazımovun sözlərinə görə, sudan nümunələr müxtəlif nöqtələrdən götürülür. Və suyun tərkibi bakterioloji, orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəricilərinə görə yoxlanılır. Üstəlik sudan insanlara hər hansı təhlükəli virusun keçməməsi üçün su bağırsaq çöplərinin miqdarını kəskin şəkildə azaldan xlor vasitəsilə dezinfeksiya edilir: "Patogen mikroblardan dizenteriya mikrobları, vəba virionları, qarın yatalağı, pasterellalar, bağırsaq çöpləri xlora çox həssasdır. Su xlorlu əhənglə CaOCl2 və ya xlor qazı (Cl2) ilə xlorlaşdırılır. Bu təhlükəli virusların su vasitəsilə yayılma riskini minumuma endirir".