"Yevlax rayonunun Qoyunbinəsi kəndində "Ayof" adlı çayxananı
fahişəxanaya çevrilib. Burada 7-8 qadın işləyir. Onlar fahişəliklə
məşğuldurlar. Hər bir müştərini də 15 manata qəbul edirlər. 10
manat qadının özünə qalır, 5 manat isə obyekt sahibinə. Bu barədə
dəfələrlə şikayət etsək də, heç bir tədbir görülməyib". Bu barədə
Yevlax rayonunun Qoyunbinəsi kənd sakini Arif İbrahimov ANS PRESS-ə
şikayətində bildirib. Onun sözlərinə görə, Bəhruz Qarayev adlı şəxs
"Ayof" adlı çayxana işlədir. Həmin çayxanada çaydan başqa, qadınlar
müştərilərinə öz xidmətlərini təklif edirlər. Oradakı intim
xidmətin qiyməti isə hər bir müştərinin ürəyincədir. Arif İbrahimov
deyir ki, bu səbəbdən həmin çayxana müştərilərlə doludur. Bura
başqa kəndlərdən də gənclər gəlir.
Arif İbrahimov onu da bildirdi ki, fahşəxana barədə şikayət etsələr
də, bu barədə heç bir tədbir görülməyib: "Bu barədə dəfələrlə polis
şöbəsinə şikayət etmişik. Polis gəlib yoxlama aparanda tez ordakı
qadınlar gedir. Ara sakitləşən kimi isə yenə də köhnə hamam, köhnə
tas. Bütün bu işlərə də sahə rəisi Sirac Fərəcov rəvac verir. Sirac
Bəhruzu hansısa səbəbdən qoruyur".
Arif İbrahimov deyir ki, hətta bir-iki dəfə həmin çayxanada olub və
orada işləyən qadınların çoxunu tanıyır. "Həmin çayxanada Lalə,
Gülzar adlı qadınlar çalışır. Çayxanaya də gələnlər həmin
qadınların həvəsinə gəlir".
Məsələyə aydınlıq gətirmək üçün çayxananın sahibi, kənd sakini
Bəhruz Qarayevlə əlaqə saxladıq. Bəhruz Qarayev deyilənlərin
büs-bütün cəfəngiyyat olduğunu və Arif İbrahimovun ona şər atdığını
bildirdi. Bunun səbəbi isə Arif İbrahimovun özünün həmin kənddə
çayxana işlətdiyini və bu səbəbdən də başqa çayxanalara qarşı bu
addımı atdığını dedi. Bəhruz Qarayevin sözlərinə görə, Arif
İbrahimovun öz işlətdiyi çayxanada bir neçə qadın işləyir ki, onlar
əxlaqsız təkliflərlə müştəri cəlb edir.
"Arif İbrahimov özü çayxanasında fahişələr işlədir. Bundan başqa,
kənddə meşəlik var. Oradakı ağacları doğrayıb, onların yerində
çayxana açıb. İstəmir ki, başqa çayxanalar işləsin. Məni də
addımbaşı şərləyir", - deyə Bəhruz Qarayev şikayətləndi.
Yaranmış insidentlə əlaqədar sahə rəisi, polis-kapitanı Sirac
Fərəcovla əlaqə saxladıq. Sahə rəisinin ANS PRESS-ə verdiyi
məlumata görə, yaranmış mübahisələrin əsasında daha çox qazanmaq
həvəsi durur. Onun sözlərinə görə, Arif İbrahimov ilə Bəhruz
Qarayev uzun illərdir bir-birilərilə ədavət saxlayırlar.
"Hər ikisinin çayxanası var. Hər ikisi də daha çox müştəri cəlb
etmək istəyir və müxtəlif şeylər fikirləşirlər. Arif İbrahimov bizə
şikayət edib ki, Bəhruzun çayxanasında fahişələr işləyir. Biz də
yoxlama aparmışıq, xəbər yalan çıxıb. Hər ikisinin çayxanasında
yoxlamalar aparmışıq. Səslənən qarşılıqlı ittihamlar əsassızdır.
Heç birini çayxanasında fahişələr işləmir. Biz imkan vermərik ki,
kənddə fahişəxana işlətsinlər".