Azərbaycanda təhlükəli xəstəlikdən ölən heyvanların sayı 110-a çatdı

9 Sentyabr 2013 15:16 (UTC+04:00)

Azərbaycanda mal-qara arasında yayılmış Bunyavirus xəstəliyi qeydə alındığı tarixdən indiyədək ölən heyvanların sayı 110-a çatıb. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, həmin heyvanlar rayon baytarlarının iştirakı ilə yandırıldıqdan sonra xlorlu əhənglə dezinfeksiya edilərək basdırılıb.Y. Xanvəli bəzi mətbu orqanlarda Bunyavirus xəstəliyindən ölən iribuynuzlu heyvanların kolbasa sexlərinə verildiyi barədə yayılan məlumatları həqiqətəuyğun olmadığını söyləyib. Y. Xanvəli bu xəstəlikdən tələf olan mal-qaranın baytar həkimlərin nəzarətində olduğunu, onların iştirakı ilə basdırıldığını söyləyib. Y. Xanvəli artıq iribuynuzlu mal-qara arasında yayılmış yeni virusun bir qədər səngidiyini, hazırda bu xəstəliyə yoluxan mal-qaranın sayının bu günə olan məlumata görə, 1500-ə yaxın olduğunu söyləyib. Qeyd edəkmki, ölkəmizdə kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı imzalanıb. Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicəvi dərmanların, dezinfeksiya və dezinseksiya maddələrinin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat məbləğində vəsait ayrılıb. Xatırladaq ki, Azərbaycanda mal-qara arasında yayılmış virus Bunyavirus ailəsinə məxsus olan xəstəlikdir. Xəstəlik üç virusun qarışığı olan şomonda, akabene, aina adlı viruslardır.