Xaricə övladlığa verilən uşaqlara 18 yaşınadək nəzarət ediləcək-Eksklüziv

9 Sentyabr 2013 17:54 (UTC+04:00)

Azərbaycandan xaricə övladlığa verilən uşaqlara 18 yaşınadək nəzarət ediləcək. Bu barədə məlumatı Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova verib. V. Möhsümova bildirib ki, xarici vətəndaşlara verilən uşaqların Azərbaycan vətəndaşlığı ləğv edilir. Amma bununla belə Azərbaycan tərəfi həmin uşağın üzərində nəzarət hüququnu itirmir: "Övladlığa uşaq götürmə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklə artıq Azərbaycandan xarici vətəndaşlara övladlığa verilən uşaqlara 18 yaşına çatanadək nəzarət olunacaq. Əvvəl bu müddət 6 aydan bir 3 yaşa qədər idisə, qanunvericiliyə edilən son dəyişikliklə ildə 1 dəfə 18 yaşa çatdırıldı".  

V.Möhsümovanın sözlərinə görə, bundan sonra xarici vətəndaşa övladlığa verilmiş uşağın sonrakı həyat şəraitinin, tərbiyəsinin necə aparılmasını yoxlamaq üçün məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra ildə bir dəfə, uşaq 18 yaşına çatanadək nəzarət ediləcək.