Elşad İskəndərov: “Azərbaycanda dinə hər zaman dövlətin dəstəyi olub və bundan sonra da olacaq”

10 Sentyabr 2013 13:56 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gəncədə keçirilən "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfransda dilə gətirib.


O qeyd edib ki, Gəncənin Azərbaycan tarixində milli-mənəvi dəyərlərin formalaşmasında xüsusi rolu var. Gəncədə dini dəyərlərin daima qorunduğunu və burada Əhli-Beytə xüsusi sevginin olmasından danışan E.İskəndərov bildirib ki, dövlət tərəfindən də dini abidələrin bərpasına böyük diqqət ayrılır.

Komitə sədri həmçinin vurğulayıb ki, bu istiqamətdə Prezident İlham Əliyev son 10 ay ərzində 20-yə yaxın sərəncam, əmr və təklif verib. Bu o deməkdir ki, dini abidələrimizin qorunması məsələsi birbaşa ölkə başçısının diqqətindədir.

"İnsanların güzəranın yaxşılaşdırılması, sosial ədalətin qorunması böyük vaxt tələb edir. Artıq Azərbaycan buna nail olub. İndiki dövrdə ölkəmizdə dindarlar üçün unikal şərait yaradılıb. Bu şərait dindarların dövlətə, vətənə bağlı olması üçün yaranan zəmindir. Nəticə etibarilə demək olar ki, bu sahədə görüləsi işlər çoxdur, amma müsbət işlər də kifayət qədərdir" - komitə sədri qeyd edib.

Dini maarifləndirmədən də danışan Elşad İskəndərov hər bir dindarın bu mənada böyük məsuliyyət daşıdığını və bunun üçün hər bir şəraitin yaradıldığını sözlərinə əlavə edib:

"Məzhəbindən asılı olmayaraq hər bir şəxs tolerantlığın qorunması və yüksəldilməsi üçün çalışmalıdır. Azərbaycan dünyəvi dövlət olsa da dindən ayrı deyil. Azərbaycanda Avropa ölkələrindən fərqli olaraq dinə hər zaman dövlətin dəstəyi olub və bundan sonra da olacaq. Dindarları da hər zaman dövlətin yanında olmağı arzulayıram".