Mayın 29-da meteoroloqlar Yaponiyanın Honşü adasının şimal-şərq sahillərində silsilə zəlzələlər qeydə alıblar.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, 5,3 bal gücündə baş verən ilk yeraltı təkanın episentri Çiba şəhərindən 201 kilometr şərqdə, ocağı 20 kilometr dərinlikdə yerləşib.
Bundan təqribən 50 dəqiqə sonra 5 bal gücündə ikinci, 5:07 dəqiqədə isə 5,6 bal gücündə sonuncu zəlzələ baş verib. İkinci zəlzələnin episentri Utsunomiya şəhərindən 181 kilometr şərqdə, ocağı 30 kilometr dərinlikdə yerləşib.
Daha güclü olan sonuncu yeraltı təkanın episentri isə Çiba şəhərindən 193 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə olub.
Zəlzələlərdən sonra sunami xəbərdarlığının elan edilmədiyi də bildirilir.