Bədii əsərlərin film və seriallarla ekranlaşdırılması arxa plana keçib

11 Sentyabr 2013 17:31 (UTC+04:00)

Aygün Aslanlı: "Bədii əsərlərə tez-tez müraciət olunmamasına səbəb rejissorların öz fikirlərini daha çox ön plana keçirtmək istəyi olur"


Ölkədə bədii əsərlər əsasında çəkilən film və teleserialların sayı son illərdə əhəmiyyətli dərəcədə azalıb. Halbuki, sovetlər dönəmində konkret filmlərlə bağlı tamamilə əks vəziyyət müşahidə olunurdu. Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən taninmiş rejissor Rövşən İsax qeyd edir: "Ümumiyyətlə, bizdə film az çəkilir. Lakin film çəkilişlərində bədii əsərlərə də müraciət olunur. Məsələn, "Aktrisa" özü povest idi. Sonra mən onu ekranlaşdırdım. Düşünürəm ki, serial şəklində  bədii əsərləri  çəkmək olmaz. Məncə, serialın marağı ondadır ki, onun sonluğu naməlum olsun. Elə olanda tamaşaçı ona daha maraqla baxır. Ancaq bədii əsərə film çəkəndə bilinir ki, bunun sonluğu necə olacaq. Bədii əsərə serial çəkəndə  o zaman müraciət etmək olar ki, o tarixi əsər olsun. Mən Babəkdən, Cavanşirdən film və ya serial çəkəsi olsam, tarixi dəyişə bilmədiyim üçün nə var, onsuz da onu çəkəcəm. Amma düşünürəm ki, bədii əsərlərə film, serial çəkmək o qədər də maraqla qarşılanmaz. Tamaşaçıya serial maraqlı gəlsə, o həmin əsəri tapıb oxuyacaq və ya əldə edəcək. Və ya əvvəldən oxuyubsa, heç baxmayacaq. Düşünəcək ki, onsuz da bilirəm də axırda nə olacaq, film, serial necə bitəcək".

Kinoşünas Aygün Aslanlı isə məsələyə belə münasibət bildirir: "Azərbaycanda son dövrlərdə yazılan bədii əsərlərin mövzuları sosial mövzuları, problemləri əhatə edir. Bunu isə çoxları ekranlaşdırmırlar. İndi pozitiv filmlər, kinolar, seriallar lazımdır. Bədii əsərlərə tez-tez müraciət olunmamasında digər səbəb rejissorların öz fikirlərini daha çox ön plana keçirtmək istəyi olur. Onlar istəyirlər ki, daha çox öz fikirləri ekrana gətirilsin. Bədii əsərlər başqasının fikridir. Seriallar üçün isə bədii əsərlərimiz arasında  əlbəttə ki, müraciət olunası çox əsər var. Bu cür əsərlər çoxdur. İlyas Əfəndiyevin, Salam Qədirzadənin, Mirzə İbrahimovun gözəl əsərləri var. Bundan başqa Anarın "Beş mərtəbəli binanın altıncı mərtəbəsi"ndən sonra  davamı olaraq yazdığı əsərləri yığsan, 20-30 seriyalıq bir serial alına bilər. Amma öz ədəbiyatımıza müraciət edən rejissorlarımız yoxdur".