Ev dəllaları satmağa mənzil tapmır

11 Sentyabr 2013 17:42 (UTC+04:00)

Nüsrət İbrahimov: "20-30 tikinti şirkəti var ki, bir-biri ilə sövdələşib qiymət artırırlar"


Mənzillərin son dövrlərdə xeyli dərəcədə bahalaşamsı heç kimə sirr deyil. Özü də bu prosesin hələ bir müddət davam edəcəyi proqnozlaşdırılır. Məsələnin maraqlı tərəflərindən biri sə ondan ibarətdir ki, paytaxtda mənzillərin qiyməti maya dəyərindən çox baha satılır, bəzən bu göstəricinin 200 faizi belə keçir. 

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı Mövqe.az-a açıqlaamsınad məsələ ilə bağlı bildirir: "Evlərin məhz süni şəkildə bahalaşması ilkin yox, təkrar mənzil bazarında daha çox müşahidə olunur. Qeyd edim ki, qiymət artımı  süni şəkildə baş verir. Həm təklif də məhdudlaşıb. Rieltorlar, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şəxslər satmağa ev tapmırlar. Bunun da səbəbi son illərdə alınan mənzillərin ipoteka ilə alınmasıdır. 25-30 illiyə mənzillər ipoteka ilə alınır. Həmin mənzilin isə yenidən bazara qayıtma dövrü minimum 25 ildir. İpoteka ilə satılan mənzil bir də 25 ildən sonra bazara çıxardıla bilir. Bu da təklifi məhdudlaşdırır və bazarda qiymətə təsir göstərir".

R. Osmanlı qiymətlərin real qiymətdən 2 dəfə artıq şişirdilməsini də qeyd etdi: "Bakı şəhərində əslində, bu gün evlərin qiymətləri real qiymətdən 2 dəfə bahadır. Yanvar ayından bu yana isə qiymətlərdə 30%-dən artıq artım müşahidə olunub".

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadi ekspert  Nüsrət İbrahimov isə bildirir: "Bu, bazarın qanunudur. Satan tərəf  qiyməti bahalaşdırır, alan tərəfin də imkanı varsa alır, yoxsa almır. Burada deməzdim ki, təkrar bazarda süni şişirdilmə ola bilməz. Bazarda 5 min mənzil satışda varsa, bunun 5 min də alıcısı var. Burda isə sünilik ola bilməz. 5 min adam öz aralarında danışıb qiyməti qaldıra bilməzlər. Bu mümkün deyil. Köhnə mənzillərin satış bazarında qiymət artımı yoxdur. Sadəcə həyat bahalaşır, insanların gəliri artır, imkanı olan şəxslər daha sürətlə varlanır və pulunun bir hissəsini daşınmaz əmlaka yatırırlar və bu da bazarda qiymət artımına səbəb olur. İlkin bazarda ola bilər ki, qiymət artımı olsun. 20-30 tikinti şirkəti var ki, bir-biri ilə sövdələşib qiymət artırırlar. Təkrar mənzil bazarında qiymət artımı dünyanın heç bir ölkəsində  mümkün deyil. Moskvada 40-45 min dollar mənzil satışda olur. Bunları başqa-başqa adamlar satır. Bu şəxslər bir-biri ilə necə danışıq edib, qiymət artıra bilərlər?! Bakıda eyni vaxtda 3500-dən 5000-nə qədər mənzil satışda olur. Tanış olmayan mənzil satan şəxslər bir-biri ilə sövdələşə bilməzlər".

Hesab olunur ki, şişirdilmiş qiymətlərə son qoyulmayana qədər evlərin qiyməti baha olmaqda davam edəcək və hətta qiymət daha da artacaq. Digər tərəfdən, ekspertlər alıcıların əsasən təmirli evlərə maraq göstərməsini də xüsusi vurğulayır. Lakin bazarda təmirli evlər azdır. Ev probleminin yaranmasının əsas səbəbi, həm də paytaxtın mərkəzində satışa çıxarılan yeni tikililərin azalmasıdır. Belə ki, bir çox tikinti şirkətləri ya fəaliyyətini dayandırıb, ya da şəhərdən kənara çıxaraq ev tikintisini şəhər ətrafında həyata keçirir.

Yaranmış vəziyyət kirayəyə verilən mənzillərin də qiymətinə təsirsiz ötüşmür. Ölkəmizdə, əsas etibarilə də paytaxt Bakıda bu gün mənzil sahibləri tərəfindən alınan kirayə haqlarının yüksək olması danılmaz həqiqətdir. Məsələnin daha bir maraqlı tərəfi isə ondan ibarətdir ki, son dövrlər kirayəyə verilən mənzillərdən daha çox haqq alınmağa başlayıb.