MTRŞ telekanallara və aparıcılara xəbərdarlıq etdi-Eksklüziv

11 Sentyabr 2013 18:03 (UTC+04:00)

Özəl telekanallarda Azərbaycan dilinin ədəbi normalarına riayət olunmasına dair keçirilən ikici monitorinqin nəticələri gələn ay açıqlanacaq.  Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri  Toğrul Məmmədov Movqe.az-a açıqlamasında bildirib ki, keçirilən monitorinqlərin nəticələri aparıcıların narazılığından asılı olmayaraq yenidən ictimaiyyətə açıqlanacaq. 

T. Məmmədovun sözlərinə görə,  hazırda dilçi mütəxəssislər tərəfindən sentyabr ayının 1-dən etibarən start verilən monitorinqlər davam edir: "Telekanallar, aparıcılar bu monitorinqin nəticələrindən özləri üçün nəticə çıxartmalıdırlar. Onların sağlam tənqidi qəbul etməməsi normal deyil. Hesab edirik ki, nəticələr açıqlanarkən heç bir telekanal, yaxud da aparıcı adını o siyahıda görmək istəməz. Ona görə də, ötən dəfə keçirilən monitorinqə baxıb nəticə çıxartsınlar. Çünki, tənqidlərə baxmayaraq bu dəfə də monitorinqin nəticəsi geniş şəkildə ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi monitorinq davam edir. 

Monitorinq ANS, ATV, İTV, "Lider", "Xəzər" və "Space" kanallarını əhatə edəcək.