Hər zaman ölkəmizi yerli və beynəlxalq yüksək səviyyədə təmsil edən “Azerçay” Şuşa ili çərçivəsində “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışını dəstəklədi. Şuşada bayram ab-havasında keçirilən ilk idman yarışının dəstəkçisi olan “Azerçay” idmançılar, yerli və xarici qonaqlar üçün çay təminatını həyata keçirdi. Bununla yanaşı yarış iştirakçılarına və qonaqlara “Azerçay”dan xüsusi hədiyyələr təqdim edildi.
9-10 iyul tarixində Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda 8 ölkəni təmsil edən 13 komandadan ibarət 75 idmançı qatılıb. Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının üzvü Elçin Əsədov qızıl, Özbəkistanın “ToşkentCity” klubun üzvü Akromjon Sunnatov gümüş, Monqolustan komandasının üzvü İderbold Bold isə bürünc medal qazanıb.
İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, AVF-nin vitse-prezidenti Robert Eyyubov təqdim ediblər.