Suriyada hələ də davam edən gərgin vəziyyət buradan vətəndaşların axınını sürətləndirməkdədir. Onlar sırasında Suriya erməniləri də var ki, bu şəxslər Suriyanı tərk etdikcə daha çox Ermənistana üz tuturlar. Ermənistana gələn bu şəxslərin bir qismi isə əvvəlki kimi Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilir. İşğal olunmuş ərazilərdəki separatçı rejimin rəhbərliyi də Suriyadan qaçan erməniləri qəbul etməyə hazır olduğunu bildirir.
Özünü separatçı rejimin "baş nazirin müavini" kimi təqdim edən Artur Ağabekyan "Azadlıq Radiosu"nun erməni xidmətinə bu xüsusda bildirib: "Onlar bizim diqqət mərkəzimizdə olacaqlar". Ötən həftə Ermənistanın baş naziri Tiqran Sarkisyan da yaxınlarda Suriyadan böyük sayda qaçqın erməni gözlədiklərini bildirib. O, həmin insanların yerləşdirilməsi üçün Qarabağdakı rejimin rəhbərliyi ilə müzakirələr apardıqlarını və artıq konkret addımlar da atdıqlarını deyib.
Ağabekyanın dediyinə görə artıq köçkünlərin yerləşdirilə biləcəkləri boş evlərin siyahısı tutulur.
Qeyd edək ki, son aylar əsasən işğal altında olan Laçın rayonuna Suriyadan qaçmış 30-a yaxın erməni ailəsi yerləşdirilib. Bu ailələrin əksəriyyəti kənd təsərrüfatı işləri ilə məşğuldurlar. Onların bir hissəsi evlə də təmin edilib. Qarabağdakı rejim daha çox sayda suriyalı qaçqınları qəbul etməyə hazır olduğunu bildirərək onları 2 ilə ev və işlə təmin etməyi də vəd edir.
Ermənistana təşrif buyuran Suriya ermənilərinin əksəriyyəti Suriyada orta və kiçik bizneslə məşğul olub, onların arasında həkimlər və zərgərlər də çoxdur. Suriyalı ermənilər deyirlər ki, tarixi vətənləri Ermənistanda onlar üçün ən böyük problem işsizlikdir. Xatırladaq ki, Suriyadan qaçan ermənilərin Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə məskunlaşdırılması Azərbaycanda kəskin etirazlara səbəb olmaqdadır. Bununla bağlı Azərbaycan məsələni BMT, ATƏT PA və digər beynəlxalq təşkilatlar çərçivəsində qaldırmaq niyyətindədir. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı BMT-yə məktub göndərərək bunun qarşısını almaq üçün tədbirlər həyata keçirilməsini tələb edib. Öz növbəsində Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova da bildirib ki, Suriyadan qaçan erməni ailələrin Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yerləşdirilməsi yolverilməzdir və bu, beynəlxalq hüquq normalarına ziddir. Onun sözlərinə görə, parlament qrupumuz bu məsələni ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında əsas müzakirə hədəflərindən birinə çevirmək niyyətindədir.
Vitse-spiker qeyd edib ki, beynəlxalq hüquq normalarına əsasən, tərəflər arasında müvafiq sülh sazişi əldə edilməyənə qədər işğal edimiş ərazilərdə məskunlaşdırma həyata keçirilə bilməz: "İşğal olunmuş ərazilərə bu qeyri-qanuni köçürmələr beynəlxalq prinsiplərə və konvensiyalara ziddir. Bu, ATƏT-in keçirdiyi fakt-araşdırıcı missiya tərəfindən də təsdiq olunub və ATƏT PA-nın buraxdığı nəşrlərdə də öz əksini tapıb. Bu nəşrlərdə Azərbaycanın işğal altında olan ərazilərinə nə qədər suriyalı erməninin köçürülməsi ilə bağlı rəqəmlər var. Biz elə qurumun özünün də təsdiq etdiyi bu faktları qaldıracağıq və Ermənistandan tələb olunacaq ki, qeyri-qanuni addımlarını dayandırsın".
Bu ilin iyulunda Bakı artıq işğal olunmuş ərazilərə yerləşdirilən erməni ailələrinin siyahısını BMT-yə təqdim edib. Artur Ağabekyan isə Bakının etirazlarına baxmayaraq Surya ermənilərinin Qarabağda yerləşdirilməsini davam etdirəcəklərini deyir. O da aydındır ki, Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi böyük bir təxribat planıdır. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmaq, işğal edilmiş zonaların etnik tərkibini süni surətdə dəyişmək üçün etdiyi cəhdləridir. Lakin onu da xatırladaq ki, ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş zonalarda apardığı müşahidələrin nəticələrində Ermənistanın ora qeyri-qanuni əhali köçürdüyü faktını yazıb və bunun beynəlxalq konvensiyalara zidd olduğunun bildirib. Digər tərəfdən, həmin əhalinin bu gün sənədsiz və yerli hərbi rejimdən asılı vəziyyətdə olması da məlum həqiqətdir. Qeyd edək ki, məlum Suriya olayları başlayaan qədər burada etnik ermənilərin sayı 100 minə çatıb. Onların əksəriyyəti Hələbdə yaşayır.