İlham Mirzəyevin dayısı qızının yeni görüntüləri yayıldı (VİDEO)

12 Sentyabr 2013 13:32 (UTC+04:00)

"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova Aysel Əliyevanın özünü öldürmək fikrinə düşdüyünü deyib

"Mən boşanmaq istəmirdim, evdə ağlayırdım. Həmin vaxtlar qaynanam və ərim "niyə ağlayırsan, başqasına ərə gedəcəksən" deyirdilər. Hansı qeyrətli kişi öz arvadına deyər ki, "onsuzda başqasına gedib, xoşbəxt olacaqsan"". ANS PRESS-in məlumatına görə, bu sözləri anınmış teleaparıcı İlham Mirzəyevin dayısı qızı Aysel Əliyeva bildirib.


Ona edilən təhqir və zülmlərdən psixi sarsıntı keçirən Aysel Əliyeva "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə müraciət edib. Birliyin sədri Mehriban Zeynalovanın sözlərinə görə, Aysel müraciət edərkən əsəbləri tamam korlanıbmış. Hətta özünü öldürmək fikrinə belə düşüb.


"Qız o vəziyyətdə idi ki, hətta intihar etmək istəyirdi. Onda özünə güvənmə hissi belə qalmamışdı. Aysel milli Azərbaycan qızıdır. Rayon yerində böyümüş, valideynlərinin sözünü dinləyən, zamanı gələndə isə, ailəsinin məsləhəti ilə ərə gedən bir qız idi. Aysel xanımın uşaqlıqdan indiyə qədər səhhətində heç bir problemi olmayıb. Onun psixoloji drumu yaxşı olub. Onun əsəblərinin gərginləşməsinin səbəbi düşdüyü mühit olub", - deyə M.Zeynalova bildirib.


Birliyin eksperti Yaqut Məmmədyarovanın sözlərinə görə, Aysel Əlipənah qızı Əliyeva 2013-cü il yanvar ayında "Təmiz Dünya"ya müraciət edib. "Aysel ailəsində olan zorakılıq, qaynana və yoldaşının ona təzyiq etməsi barədə bizə şikayət etdi. Aysel xanımı sığınacaqla təmin etdik. O qədər ailədaxili zorakılığa məruz qalmışdı ki, onun psixi durumunda problemlər yaşanırdı. Psixoloq müayinəsindən sonra onun çox sakit xanım olduğu məlum oldu".


Qeyd edək ki, Aysel Əliyeva başına gələnlər barədə danışıb. Həmin danışıqlar çəkilərək "YouTube" video paylaşım şəbəkəsində yerləşdirilib.


"Gəlin gəldiyim gün, həmin gecə ərim mənə dedi ki, bir neçə qadınla gəzir. Buna hansı qadın dözər? Toy gecəsi üzünə bu sözləri deyilən hansı qadın dözər? Toyunmuz olandan 10 gün sonra məni dindirməyib. Həmişə içki stolun üstündə olub. Ərim Asif Əliyev və anası Ludmila Əliyeva məni elə təhqir ediblər ki, o sözləri dilimə gətirə bilmərəm". Aysel Əliyeva başına gələn digər məsələlər barədə təqdim etdiyimiz videodan məlumat ala bilərsiniz.