Məktəbli forması bu ailələrin uşaqlarına pulsuz verilir-Eksklüziv

12 Sentyabr 2013 13:57 (UTC+04:00)
"Bakı Tikiş Evi"(BTE) şəhid və əlil ailələrinə məktəbli formasını pulsuz verəcək. Bu məlumatı Movqe.az-a eksklüziv olaraq BTE-nin Satış şöbəsinin rəisi Etibar Əzimov verib. E. Əzimov bildirib ki,artıq yüzlərlə bu cür imtiyazlı ailələrə BTE tərəfindən məktəbli forması pulsuz verilib: "Şəhid ailələri, əlil ailələri məktubla Milli Valideyn-Müəllim Assosiasiyasına müraciət edirlər. Biz onların müraciətinə əsasən həmin ailələrə məktəbli formalarını pulsuz veririk. BTE güzəştli şəhid və əlil ailələrin uşaqlarının təhsilə marağının azalmaması, bu ailələrdə böyüyən uşaqlara dəstək üçün hər il olduğu kimi bu il də bu xeyirxah missiyasını yerinə yetirir və yeni dərs ili başlayanadək bu koorparativ məsuliyyətini yerinə yetirəcək". Milli Valideyn-Müəllim Assosiasiyasının (MVMA) icraçı direktoru Təranə Şərifova da Movqe.az-a xəbəri təsdiqləyərək bildirib ki, indiyədək 600-ə yaxın ailəyə BTE tərəfindən pulsuz məktəbli forması verilib: "Bizim BTE ilə müqaviləmizə əsasən imtiyazlı ailələrin övladlarına məktəbli forması tikiş müəssisəsi tərəfindən pulsuz verilir. Bu güzəştli kateqoriyaya şəhid,Milli Qəhrəman, əlil və məcburi köçkün ailələrinin uşaqları daxildir. Biz həmin ailələrin etdiyi müraciətləri BTE-ə göndəririk. BTE tərəfindən bu kateqoriyadan olan ailələrin övladlarına məktəbli forması pulsuz olaraq verilir. Bu xeyirxah işin arxasında təhsilə, imtiyazlı ailələrin uşaqlarına dəstək missiyası dayanır. Sağ olsun BTE bizim təşəbbüsümüzə dəstək verərək güzəştli ailələrə məktəbli formasının pulsuz verilməsinə razılıq verdi. Hazırda müraciətlər davam edir. Biz müraciətləri məktub formasında BTE-ə göndəririk".