Müxalif liderlərin istefası yenidən gündəmə gəldi

12 Sentyabr 2013 15:55 (UTC+04:00)

Çox səsli – küylü başlayan və eyni zamanda radikal cəbhənin ən böyük ümid yeri olan Milli Şuranın fiaskosu sanki ordakı gəncləri də ruhdan salıb. Zaman –zaman müxalif sırlardan uzaqlaşıb, hətta öz liderlərini fəaliyyətsizlikdə qınayıblar. Liderlər isə öz postlarını verməməklə bir növ müxalifəti qocaldırlar. Özlərinin iddia etdikləri xarici dəstəyi də demək olar ki, son vaxtlar gözə dəymir.

Politoloq Cümşüd Nuriyev bildirdi ki, vətəndaş cəmiyyətinin formalaşmasında liderlərin böyük xidməti olur: "Bu, onların xarizması ilə bağlıdır. Politologiya elmində liderlər 3 tipə bölünür: məişət, sosial və siyasi liderlər. Azərbaycan müxalifəti uzun müddət siyasi bataqlıqda qaldığına görə, əsasən siyasi liderlərdən sosial liderlərə çevriliblər. Yəni, özlərinin şəxsi problemlərini həll etmək, istənilən xarici və daxili maliyyəni əldə etmək üçün danışığa gedənlərdir. Bu, müxalifətin konstruktiv olmasına maneçilik törədir. Onlar yardım olmayanda destruktiv olur, daha çox radikallaşırlar. Azərbayacan müxalifəti ümumiyyətlə, politologiya elmi ilə məşğul olmur. Orada Fuad Qəhrəmanlıdan başqa politoloji təhsili olan insan yoxdur. Bu insanlar nə dünyada, nə də daxildə gedən proseslərlə maraqlanmırlar. Bunların yeganə işi zaman – zaman nəzarətlərində olan KİV-lər ilə özlərini cəmiyyətə təqdim etməkdir. Onlar o qədər bayağılaşıb ki, kəskin mesajları belə iqtidarı qıcıqlandırmır. Ona görə də özünə hörmət qoyan müxalifət lideri artıq liderlikdən uzaqlaşmalıdır. Azərbaycanda Lalə Şövkət, Etibar Məmmədov nümunələri var. Digərləri də bu nümunələri götürməlidir. Dünyanın heç bir yerində partiya, seçkiləri uduzandan sonra kimsə onun başında qalmır. Bu gün ən çox istefaya gedəsi olan iki partiya sədri var. Bunlar İsa Qəmbər və Əli Kərmlidir. İsa Qəmbər bu dəfə partiya maraqlarını öz maraqlarına dəyişdi. Gördü ki, seçkiləri uduzacaq, nöbtəti limit krediti götürdü. Ona görə də çəkilib Cəmil Həsənlini qabağa verdi. Yeri gələndə də deyəcək ki, bu, AXCP-nin namizədi idi. Cəmil Həsənlinin isə heç bir xarizması yoxdur".

Cümşüd Nuriyev əlavə etdi ki, indiki şəraitdə müxalif cəbhədə siyasi liderin formalaşması mümkünsüzdür: "Çünki, müxalifətlə vətəndaş sülhü əldə etmək üçün siyasi iradəyə ehtiyac yoxdur. Sırf maliyyə yardımına ehtiyac var. Bu yardımla əldə olunan vətəndaş sülhü müvəqqəti atəşkəsdir. Müxalifət də istəyir ki, bundan yararlansın, amma alınmır. Ona görə də istefa verib getsələr, yeni gənclər gələr. İş də orasındadır ki, lider olmağa can atan gənc olanda onu partiyadan çıxarırlar. Bu, artıq sırf kommunist metodologiyasıdır. Bunlar kommunistləri söyürlər ki, ölənə qədər lider qalır. Amma özləri də o gündədir. Dünyanın heç bir yerində 20 illik partiya sədri yoxdur".

Cümşüd Nuriyev əlavə etdi ki, müxalifət liderlərinin edəcəyi iş o olmalıdır ki, əvvəlcə Milli Şura adında ortalıqda qalmış meyiti götürsünlər, sonra da hamısı istefa versinlər.

Gənc YAP-çı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan isə məsələyə münasibətini belə başladı: "Mahatma Qadninin aforizmə çevrilmiş bir fikri var: əvvəl əhəmiyyət verməzlər, sonra gülərlər, sonra qısqanar, ən sonda isə məğlub olarlar. Bu dahiyanə fikir bizim müxalifətimizin mərhələli xarakteristikasıdır. Xüsusən də 2003-cü ildən sonrakı mərhələni daha dolğun əks etdirir. İndi ölkəmizdə mövcud olan, təkcə hakimiyyətə deyil, dövlətə, millətə müxalif olanlar, ardıcıl uğradıqları məğlubiyyətlərdən sonra qəribə bir psixologiyaya sahibləniblər. Davamlı məğlubiyyət onlarda yeni güc, rasionallıq deyil, emosionallıq və söyüşçüllük yaradıb. Bu xüsusiyyətlər zəiflərə xas olan əlamətdir. Hazırda onlara inanan bir qrup gəncləri də davamlı məğlubiyyətdən doğan hisslərlə yoğurublar. İndiki durum onu göstərir ki, Müsavat və AXCP partiyalarının liderləri özlərinin yanında olan bir şəxsin oyununda özləri də fərqinə varmadan nüfuzlarını itirdilər. Kölgə altına düşdülər. Bu ssenari inanıram ki, müxalifətdə təmsil olunan və önəmli məqamlarda yolları bağlanan gənclərin ürəyincədir. Çünki, o gənclər də dərk edirlər ki, müasir zamanda klassik üsullar effektivsizdir, nəticəvi deyildir. Məqam artıq yetişib, onlar öz yerlərini gənclərə həvalə etməlidir. Əslində, bu proses çox gecikib. Lakin indi bu addım müxalifət üçün zəruridir, onların məhv olmaqdan yeganə çıxış yoludur".

Sədr onu da bildirdi ki, müxalifətin içərisində də elmə, biliyə meyilli, yaxşı dünyagörüşlü gənclər var: "Buna baxmayaraq, onlar aqressiv siyasi ruhda tərbiyələndiriliblər. Onların da öz liderlərinin yolu ilə gedəcəyini aydın görmək olur. Əgər indi konkret olaraq bu partiyalar ətrafında (AXCP və Müsavat) toplanan gənclərə rəhbərlik həvalə edilərsə, yol dəyişilməyəcək, sadəcə üsullar dəyişə bilər. Ola bilsin ki, yaxın gələcəkdə formalaşacaq sağlam müxalifəti o iki partiyadan kənarda olan gənclər yaratsın".