Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alındı
12 Sentyabr 2013 17:55 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün
keçirilən iclasında daha iki nəfərin prezidentliyə namizədliyi
qeydə alınıb.
Movqe.az-ın məlumatına görə, MSK sədri Məzahir
Pənahovun sədrliyi ilə keçirilən iclasda "Demokratik Qüvvələrin
Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi
irəli sürülmüş Cəmil Həsənlinin və Ədalət Partiyasının sədri İlyas
İsmayılovun prezidentliyə namizədliyi qeydə
alınıb.
İclasda qeyd olunub ki, "Azadlıq" Partiyasının
sədri Əhməd Orucun namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim
olunan 43,413 imzadan 7,578-sı etibarsız hesab olunduğundan Əhməd
Oruc üçün toplanan imzaların yoxlanması prosesi dayandırılıb və
onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar
olunmayıb.
Qeyd edək ki, namizədlər seçki sənədlərini
avqustun 20-dən etibarən təqdim etməyə
başlayıblar.
Xatırladaq ki, 22 nəfər prezidentliyə
namizədliklərinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya
təqdim edib. Onlardan bir nəfərinin namizədliyinin təsdiq
olunmasından imtina edilib, digər 21 nəfərin isə prezidentliyə
namizədliyi təsdiq olunub.
14 namizəd namizədliklərinin qeydə alınması üçün
imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya qaytarıb, digər
7 nəfər isə sənədləri MSK-ya qaytarmayıb. MSK-nın əvvəl keçirilən
iclaslarında Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri,
Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyası tərəfindən
namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadə, öz
təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Oruc, Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev,
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial
Demokrat Partiyasının sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri Fərəc Quliyevin prezidentliyə namizədliyi qeydə
alınıb.
MSK prezident seçkilərinin oktyabrın 9-da
keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri
2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən
bir prezident seçkiləri keçirilir.