Əli Əlirzayev: "Elə müştəri olur ki, yerli yox, xarici meyvə, ya tərəvəz istəyir"
Bu il Azərbaycanda kənd təsərrüfatı məhsulları kifayət qədər bol olub. Lakin buna baxmayaraq, bazara yenə də çoxlu sayda xarici ölkələrdən meyvə və tərəvəzlər gətirilir. Maraqlıdır, buna səbəb yerli məhsulların keyfiyyətidir, yoxsa tələbatı ödəməməsi?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Mövqe.az-a verdiyi açıqlamada bu sualımızı cavablandırıb: " Məhsulun bol olub-olmaması, məhsulun keyfiyyəti, bunu müəyyən edən qiymət və təklif-tələb məsələsi buna təsir edən amillərdir. Bütün bunlar bazara çox ciddi təsir edir. Ola bilər ki, məhsul sadəcə bizim gözümüzə bol görünür. Ancaq bu, heç də biz deyən kimi deyil. Bazarda təklif çox olduğu üçün xaricdən də mal gətirilir. 2 ay bundan əvvəl bu mövzu çox aktual idi ki, nəyə görə görə kənd təsərrüfatı məhsullarının qiyməti bazarda yüksəkdir? Və o zaman da biz vəziyyəti dəyərləndirəndə bunlar da bildirildi ki, bazarda qiymət o vaxt aşağı enəcək ki, digər ölkələrdən bazara həmin məhsullar idxal olunsun. Azərbaycanda istehsal qiyməti yüksək, digər ölkələrdə isə aşağı olduğu üçün o ölkələrdən Azərbaycana kənd təsərrüfatı məhsulları gətirilir. Bu da təəssüflər olsun ki, daxili bazarda qiyməti endirmir. İdxalla məşğul olan sahibkarlar çalışırlar ki, çox gəlir əldə etsinlər. Ona görə də, bazarda qiymətin yüksək olmasında maraqlıdırlar. Onlar idxal etdikləri məhsulun qiymətini endirmirlər. Biz bu il bunu müşahidə edirik. Burda digər bir səbəb də var. Bu səbəb ümumiyyətlə, həmişə bazara təsir edən bir amildir. Azərbaycanda hər il ölkə əhalisinin sayı 1.3 % artır. Bu, ümumilikdə, tələbatı da artırır. İndiki fəsildə və bu gündə, əhali kənd təsərrüfatı məhsullarını alıb onu konservləşdirməklə qışa hazırlıq görməli idi. Ancaq bazarda biz bunu görmürük. Belə olan halda, əlbəttə ki, bazar bütün bu kriteriyaları özündə əks etdirir. Düşünürəm ki, vəziyyət bizim gördüyümüz kimi deyil. Biz idxal edilən kənd təsərrüfatı məhsullarının dəyərinin nə qədər qalxdığını aybaay açıqlayırıq. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda bu öz əksini tapır. Yəni bu baxımdan demək olar ki, ölkədə istehsal olunan məhsul hələ əhalinin ehtiyacını tam ödəyəcək qədər deyil. Ona görə də, xaricdən kənd təsərrüfatı mallarının idxalı var".
İqtisadçı-ekspert Əli Əlirzayev də mövzu ilə əlaqədar Mövqe.az-a açıqlama verib. Ekspert xarici məhsulların bazarda yer almasının təbii proses olduğunu hesab edir: "Xarici ölkələrdən kənd təsərrüfatı məhsullarının gətirib satılması yerli məhsullarla rəqabət mühiti yaradır . Bunu edirlər ki, xarici bazarla daxili bazar arasında rəqabət baş versin. Məcbur eləmək olmaz ki, ancaq daxili bazar inkişaf etsin. Yerli istehsalın inkişafı üçün tədbirlər görülür. Məsələn, xaricdən gətirilən məhsullara görə vergi alınır. Lakin insanların tələbləri fərqli olduğundan, bazarda məhsullar da müxtəlif olur. Elə müştəri olur ki, yerli yox, xarici meyvə, ya tərəvəz istəyir. Ona görə də bazara xarici məhsulların gətirilməsi pis deyil. Həm də xaricdən məhsul gətirmək sahibkarlara daha çox sərf edir. Yerli məhsullar ona görə baha satılır ki, onun maya dəyəri var. Ona görə qiyməti aşağı düşmür. Bütün bu səbəblərdən, dediyim kimi, məcbur eləmək olmaz ki, ancaq daxili məhsullar satılsın. Rəqabət getməlidir" .