Azərbaycanda prezident seçkiləri prosesi kifayət qədər maraqlı, qanunauyğun şəkildə gedir. Bunu Trend-ə Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.
B.Muradova vurğulayıb ki, bu günə kimi qanun pozuntuları ilə müşayiət olunan hərəkətlərə yol verilməyib: "Namizədlikləri qeydə alınanlar artıq bəllidir, digər şəxslərin namizəd olmayacaqları artıq müəyyənləşir. Seçki prosesində qüvvələrin nisbəti, iştirakçıların imkanları, onlara olan münasibətin konturları müəyyənləşir. Bu günə qədər gedən proseslər seçkilərin qanunlar çərçivəsində, sabit və şəffaf keçiriləcəyinə bir işarədir".
Vitse-spiker deyiib ki, bu il keçiriləcək prezident seçkiləri növbəti dəfə irəliyə bir addım olacaq: "Yəni demokratik cəmiyyətdə yaşayan hər bir vətəndaşımızın seçib seçilmək hüquqları bərabər şəkildə müdafiə olunur, vətəndaşların öz iradəsini sərbəst surətdə ifadə etməsinə şərait yaradılıb".
Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.