Miqrantlara görə kirayə evlər daha sürətlə bahalaşır

13 Sentyabr 2013 17:19 (UTC+04:00)

Ramil Osmanlı : "Statistik göstəricilərə nəzər salsaq, görəcəyik ki, Azərbaycana miqrant axınında digər aylarla müqayisədə böyük bir artım müşahidə olunmayıb"


 Nüsrət İbrahimov : "Bu prosses hər ilin bu aylarına xas olan bir əlamətdir"


Məlumat verildiyi kimi son zamanlarda daşınmaz əmlak bazarında istər satışa çıxarılan, istərsə də kirayə verilən evlərin qiymətində ciddi artım müşahidə olunur. Bunun səbəblərini isə ekspertlər fərqli prizmalardan dəyərləndirir. Qiymət artımınının  səbəblərindən biri qismində isə ekspertlərə görə, ölkəmizə olan miqrant axınıdır. Bunun nə dərəcədə reallığı əks etdirməsini ekspertlər Mövqe.az-a açıqlamalarında dəyərləndiriblər.


Miqrant məsələləri üzrə ekspert Azər Allahverənov bu xüsusda bildirir: "Düşünürəm ki, istər-istəməz ölkə ərazisinə müxtəlif ölkələrdən gələn miqrantların axını əmlak bazarında əsas etibarı ilə kirayəyə verilən evlərin qiymətinin artımına birbaşa təsir edən haldır. Məsələ bundan ibarətdir ki, hələ bir neçə il bundan qabaq Azərbaycanın iri şəhərlərində, Bakı, Gəncə kimi şəhərlərdə icarə və kirayə haqları o qədər də  yüksək olmayan dövrlərdə Azərbaycanda miqrantların sayı kifayət qədər az idi. Amma son illərdə Azərbaycana gələn miqrantların sayı kəskin şəkildə artıb. Vaxt var idi ki, Azərbaycanda 40-50 min miqrantın olduğu halda, indi  həmin say 400 mindən yuxarıdır. Şübhəsiz ki, bura gələn miqrantların böyük əksəriyyəti bu və ya digər yerdə ev kirayəyə götürülər. Vaxt var idi ki, Azərbaycana İrandan çox güclü miqrant axını baş vermişdi və həmin ərəfədə bizim əmlak bazarında olan proseslərlə bağlı tədqiqat aparan ekspertlər kirayə götrülən, alınan evlərin qiymətinin kəskin artımını bu faktorla bağlayırdılar. Haradasa müəyyən mənada bu qənaətlərin əsası var. Bu gün Azərbaycanda artıq 10, 20, 30 min miqrant axını yox, bundan dəfələrlə çox miqrant olduğu bildirilir. Təbii ki, bu miqrantların çox az qismi qohumlarının evlərində qalır. Onların böyük əksəriyyəti kirayəyə götürdükləri evlərdə qalırlar. Və təbii ki, bazarda tələb və təklif deyilən bir prinsip var. Kirayəyə götürmək istəyənlərin sayı çox olduqda qiymət artımı baş verir. Və bugünkü qiymət artımı miqrantların çoxalması ilə bağlı yaranan haldır. Əmlak bazarında get-gedə yaranan bu prosseslərin əsas səbəbi miqrasiya ilə bağlı olsa da,  əmlak bazarında qiymətlərin formalaşmasının özünün digər şərtləri var. Təkcə miqrant axının buna səbəb deyil. Bir nüans da var ki, qiymət artımı daha çox  Bakı şəhərində öz təsdiqini tapır. Bu da miqrantların əksəriyyətinin Bakı şəhərində olmasından irəli gəlir. Çünki, bizim bölgələrdə əmək fəaliyyəti ilə məşğul olan miqrantların sayı bir o qədər də çox deyil. Böyük hissə Bakı şəhərində yerləşir və bu da təbii ki, Bakı şəhərində olan qiymətlərə birbaşa təsir göstərir".


"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı  Mövqe.az-a verdiyi açıqlamada kirayə qiymətlərin artmasının ölkəyə baş verən miqrant axını ilə çox da böyük əlaqəsinin olmadığını bildirib: "Kirayə evlərin qiymət artımı miqrasiya axını ilə əlaqədar deyil. Statistik göstəricilərə nəzər salsaq, görəcəyik ki, Azərbaycana miqrant axınında digər aylarla müqayisədə böyük bir artım müşahidə olunmayıb. Eyni zamanda Azərbaycanda kirayə qiymətlərin artım qrafikinə nəzər salsaq, görəcəyik ki, qiyməti qalxan kirayə mənzillər daha çox 500 manatdan aşağı olan mənzillərdir. Bildiyimiz kimi, miqrantlar daha çox biznes-klass mənzillərə üstünlük verirlər. Onlar tam təmirli, bütün kommunal şəraiti olan, şəhərin mərkəzində yerləşən evlərə üstünlük verirlər . Bu baxımdan hesab etmirəm ki, bu informasiya reallığı əks etdirsin ".


M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov isə əmlak bazarında baş verən bu prossesin hər ilin bu aylarında müşahidə olunan əlamətdar bir hal olduğunu bildirib: "Bu aylarda əsasən tələbələr dərs ilinin başlaması ilə əlaqədar şəhərə üz tuturlar və ev axtarırlar. Və bununla da bazarda tələb təzyiqi yaranır. Buna görə də qiymətlər artır. İkinci tərəfdən isə, artıq yay tətili bitib və insanlar şəhərə qayıdırlar. İş adamları da artıq geri qayıdırlar və onların da çoxu kirayə bazarına üz tuturlar. Bunlar da son nəticədə bazarda qiymət artımı üçün münbit şərait yaradır. Bu prosses hər ilin bu aylarına xas olan bir əlamətdir ".