Satışda mənşəyi bəlli olmayan məktəbli ləvazimatları satılır-Özəl

13 Sentyabr 2013 14:26 (UTC+04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi valideynləri yeni dərs ili ərəfəsi məktəblin ləvazimatları alarkən diqqətli olmağa səsləyib. Komitənin mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı Movqe.az-a açıqlamasında bildirib ki, məktəbli ləvazimatları alarkən valideynlər idxalçı firmanın keyfiyyət sertifikatını tələb etsinlər. Çünki, bazarda bu sertifikatı almayan yüzlərlə idxalçı firmaların mənşəyi bilinməyən məktəbli ləvazimatları satılır: "Məktəbli ləvazimatlarının istehsalı ilə bağlı standart var. Həmin standarta uyğun olmayan məktəbli ləvazimatları keyfiyyətsiz sayılır və keyfiyyətinə zəmanət verilmir. Hazırda Azərbaycanda məktəbli ləvazimatlarının idxalı ilə məşğul olan 4 müəssisə Komitənin akkreditasiya etdiyi sertifikasiya orqanlarından keyfiyyət sertifikatı alıb. Bu sertifikat standartın tələblərinə cavab verən məhsullara verilir. Həmin tələblərlə məktəbli formasının keyfiyyəti, ölçüsü,forması  müəyyənləşmiş standarta cavab verməlidir. Keyfiyyət sertifikatı verilən müəssisənin satışa çıxardığı məktəbli ləvazimatlarına tam zəmanət verilir". 

F. Talıblı bildirdi ki, bu səbəbdən də valideynləri ixtisaslaşmış mağazalardan alış-veriş etməyə üstünlük verməli, uyğunluq sertifikatı olmayan məktəbli ləvazimatlarını almaqdan çəkinməlidirlər.

Qeyd edək ki, keyfiyyətsiz məktəbli ləvazimatlarının uşaqların sağlamlığına mənfi təsiri ilə bağlı həkimlər də həyəcan təbili çalır. Bu cür məktəbli ləvazimatlarının istehsalında təhlükəli xammaldan, kimyəvi boyalardan istifadə edildiyindən uşaqlarda allergik xəstəliklərə, zəhərlənməyə belə gətirib çıxardır.