Azərbaycanda da icra hakimiyyətlərinin qiymətli kağızlar buraxması mümkün sayıldı

14 Sentyabr 2013 08:57 (UTC+04:00)

Qərb və bir sıra MDB ölkələrinin təcrübəsində müxtəlif dövlət instansiyalarının, o cümlədən şəhər idarəçilik administrasiyalarının maliyyə qaynaqlarını gücləndirmək üçün istiqrazlar, bondlar buraxması kifayət qədər geniş yayılıb. Məsələn, Ukraynada paytaxt Kiyevin şəhər idarəçilik administrasiyası bir neçə yüz milyon dollar dəyərində avrobondlar buraxıb.

Ekspertlər ölkəmizdə də rayon və şəhər icra hakimiyyətlərinin dövlət büdcəsindən asılılığının azaldılması üçün analoji təcrübənin tətbiqini zəruri sayırlar.

İqtisadçı ekspert Məhəmməd Talıblının sözlərinə görə, o ölkələrdə belə praktika tətbiq olunur ki, orada şəhərin iradə olunması ilə bağlı müəyyən rezervlər olur: "Konkret olaraq infrastruktur sxemi elə vəziyyətdə olur ki, şəhər daha çox gəlirlə işləyir. Eyni zamanda, şəhərin mərkəzi büdcədən dotasiya alması simvolik bir həddə olur. Amma Azərbaycanda bu hədd kifayət qədər böyükdür. Beynəlxalq Valyuta Fondunun tövsiyyələrində də qeyd olunur ki, dövlət şirkətlərinin, o cümlədən icra qurumlarının mərkəzi büdcədən subsidiyalaşdırılması mümkün qədər məhdudlaşdırılmalıdır. Məhdudlaşdırma nəticə etibarı ilə ona gətirib çıxarır ki, həm icra qurumlarının maliyyə vəsaitlərinin xərclənməsində şəffaflıq artır, eyni zamanda həmin qurumların özlərinin əlavə maliyyə mənbələri meydana çıxır. Ona görə də burada məsələ təkcə qazanmaq deyil. Söhbət eyni zamanda xərc istiqamətləri üzərində nəzarətin sərtləşdirilməsindən gedir. Lakin icra qurumlarının qiymətli kağızlar bazarında iştirakını o qədər də yüksək həddə çatdırmaq olmaz. Çünki, nəticədə həmin icra qurumları özlərini fond kimi aparmağa başlaya bilər. Yəni, qızıl orta tapılmalıdır. Bu vəsaitlərin idarə olunması üzrə ixtisaslaşmaq qlobal bazarda həmin qurumu oyunçuya çevrilə bilər. Elə bir həddə olmalıdır ki, icra qurumlarının maliyyə vəsaitlərinin xərclənməsində səmərəliliyi artsın, həm də qlobal bazara çıxış imkanları asanlaşsın. Bundan başqa, istiqrazların satışı həmin icra qurumlarında kütləvi olaraq əlavə kadrların, strukturların ixtisarına yol aça bilər. Həmçinin digər investorların həmin şəhərdə investisiya layihəsini həyata keçirməyə təşviq edə bilər. Bundan başqa, maliyyə baxımından ölkənin beynəlxalq əlaqələrə çıxış imkanı artır. Bu da həmin ölkənin beyənlxalq idarəçiliyə malik olması deməkdir. Həmin ölkədə turizmin inkişafına, infrastrukturun yaxşılaşmasına gətirib çıxarır. Nəticə etibarı ilə ölkənin investisiya şəraiti yaxşılaşır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, bu gün xüsusi bondların buraxılması pratikası MDB, inkişaf etmiş ölkələrdə və AB-də tətbiq olunur: "Nəinki administrativ qurumların, hətta şəhərlər üzrə də istiqrazlar buraxılır. Avropanın inkişaf etmiş şəhərlərinin xüsusi bondları var. Vətəndaşlar o bondları almaqla həmin şəhərin büdcəsinə vəsait ödəmiş olur. Bu zaman həmin vəsaitdən istifadə etməklə şəhər özü üçün limitsiz imkanlar qazanır".

Ekspert bildirdi ki, Azərbaycanda dövlət qurumlarının bondlarının formalaşması və satışı mümkündür: "Sadəcə nəzərə alaq ki, MDB ölkələri üçün bu, yeni bir praktikadır. Baxmayaraq ki, uzun müddət inkişaf etmiş ölkələrdə tətbiq olunur. Amma ilkin olaraq dövlət şirkətləri bond buraxa bilər. Artıq ARDNŞ-nin yarım milyard avroloq bondları 5.25 % gəlirlə Avropa bazarlarına çıxarılıb. Nəzərə alsaq ki, Azərbaycanda həm də digər dövlət şirkətləri var. Onların praktiki olaraq büdcə qarşısında öhdəliyi olsa belə, özlərinin özəl şirkət büdcələri var. Belə büdcələrin olması imkan verir ki, onlar bondları dövriyyəyə çıxara bilsinlər. Bondların dövriyyəyə çıxarılması həmin şirkətlər üçün yeni maliyyə mənbəyidir. Birinci mərhələdə dövlət şirkətləri üzrə bondların hazırlanması və dövriyyə buraxılmasını təmin etmək olar. İkinci mərhələdə dövlət quurmları, nazirliklər üçün bu praktikanı tətbiq etmək mümkündür. Azərbaycanda elə nazirliklər var ki, onun bond buraxması və dövriyyədə işləməsi realdır. Məsələn, Maliyyə və Vergilər nazirlikləri. Xatırladaq ki, hazırda Maliyyə Nazirliyi Mərkəzi Bankla birlikdə istiqarazlar buraxır. Ancaq Maliyyə Nazirliyinin daha geniş miqyasda istiqarazlar buraxmaq imkanları var. Vergilər Nazirliyinin də özünün büdcəsi var. Bu imkan verir ki, vergilər nazirliyi də öz bondlarını dövriyyə buraxsın. Ona görə də dövlət qurumlarının ayrı-ayrılıqda bu tip bondlar buraxmaq və əlavə gəlir əldə etmək imkanları var. Bu, Azərbaycanda realdır".