İstirahət günləri hava xoş olacaq
14 Sentyabr 2013 10:10 (UTC+04:00)
Sentyabrın 16-dək respublika ərazisində temperaturun tədricən 2-3
dərəcə yüksələcəyi gözlənilir. Temperatur rejimi bütün kənd
təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər artıracaq,
lakin pambıq bitkilərində qozaların açılması və yetişməsi üçün
kifayət qədər olmayacaq. Gecə və axşam saatlarında bəzi dağlıq
ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var ki, bu da
bağlarda meyvələrin, bostanlarda tərəvəzin və süfrə üzümünün
yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin
görülməsində mühüm çətinliklər yaratmayacaq və torpaqda məhsuldar
rütubət ehtiyatının artması üçün şərait yaradacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi
əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın
temperaturunun gecə 18-21, gündüz 25-29 dərəcə isti olacağı
gözlənilir. Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi,
lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli
yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz
24-29, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı
gözlənilir.