Abituriyentlərin qeydiyyatı başladı

16 Sentyabr 2013 11:48 (UTC+04:00)

Bu gündən 2013/2014-cü tədris ili üçün tam orta təhsil (11 illik) və ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar sentyabrın 16-dan sentyabrın 19-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.  Qeyd edək ki, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan 2135 plan yerinin müsabiqəsində iştirak etmək üçün 6567 abituriyent ərizə təqdim edib. Onlardan 1884 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan 1698 plan yerinin müsabiqəsində iştirak etmək üçün 803 abituriyent ərizə təqdim edib. Onlardan 663 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.