Yerli filmlərin kinoteatrlara «yolu bağlanıb»

16 Sentyabr 2013 16:01 (UTC+04:00)

Fehruz Şamıyev: "Xarici film kinoteatrda nümayiş olunmazdan əvvəl onun piarı aparılır"

Bu gün tamaşaçı sarıdan korluq çəkməyən kinoteatrların afişalarında Azərbaycan filmlərinin adına çox nadir hallarda rast gəlinir. Halbuki, filmlərimizin təbliği, tanıdılması baxımından onların kinoteatrlarda nümayişi olduqca vacib əhəmiyyət daşıyır. Lakin reallıqda milli filmlər əcnəbi kinolar tərəfindən indi kinoteatrlarda bel ədemək mümkünsə, sıxışdırılır.

Məsələyə münasibət bildirən xalq artisti, aktyor Ötkəm İsgəndərov Mövqe.az-a açıqlamasında qeyd edir: "Ticarət obyektlərində kinoteatrlar var. Amma mən baş aça bilmirəm, bunlar nə etmək istəyirlər?! Azərbaycan kinolarınna baxan tamaşaçı isə artıq doyub, çünki, təzə elə bir şey yoxdur. Köhnə filmlərə baxıblar da, görüblər də… Həmin köhnə milli filmlərimiz televiziyalarda da tez-tez nümayiş olunur. "Nizami" kino teatrında həftədə bir dəfə Azərbaycan filmləri nümayiş olunur. Amma digərlərində yox. Buna da səbəb yəqin, tələbatın olmamasıdır. Həm bizim filmləri heç kim reklam etmir. Ara-bir televiziyada reklamı gedir, vəssalam. Bununla da iş bitməz".

"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev isə qeyd edir: "Müasir kinoteatrlarda xarici filmlərin verilməsinin bir neçə səbəbi var. Bunlardan birincisi odur ki, tamaşaçı həmin filmləri artıq tanıyır. Yəni, həmin xarici filmlər ölkəyə gəlmədən öncə reklam olunurlar. Müasir kinoteatrlarda əsasən sevimli, reytinqli Hollivud filmləri nümayiş olunur. Nümayiş olunmazdan öncə isə bütün televiziya kanallarında, müxtəlif jurnallarda, saytlarda reklam olunur. Bizim ölkəmizdə də belə bir təcrübəyə riayət olunur. Xarici film kinoteatrda nümayiş olunmazdan əvvəl onun piarı aparılır. Diqqət etsəniz, görərsiniz ki, elə yerli qəzetlərdə, jurnallarda da xarici aktyorlar və xarici filmlər haqqında daha çox informasiya gedir. Bu da həmin filmlərin reklamıdır. Deyərdim ki, bizim kinoteatrlar da həmin filmləri nümayiş etdirməkdə haqlıdırlar. Azərbaycan filmləri reklam olunmur deyə, tamaşaçının da xəbəri yoxdur ki, ölkədə hansı filmlər çəkilir. Azərbaycanda film reklamı ile məşğul olan şirkət demək olar ki, yoxdur. Bu da öz növbəsində müxtəlif fəsadlar yaradır".